Xəbər verdiyimiz kimi, Parlamentdə səsvermə nəticəsində Nikol Paşinyan Ermənistanın yeni baş naziri seçilib. Onun lehinə 59, əleyhinə 42 deputat səs verib. Paşinyan 15 gün ərzində yeni kabineti təqdim edəcək.
Paşinyan bu gün Parlamentdəki çıxışı zamanı bildirib ki, Azərbaycan liderilə Qarabağ danışıqlarına hazırdır.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistan əslində dayandığı yerdən yolunu davam etdirməlidir:“Yeni baş nazirin seçilməsi heç də Ermənistan problemlərinin avtomatik həlli demək deyil. Ermənistan tezliklə Azərbaycanla münasibətlərini qaydaya salmalıdır, ölkəmizin ərazi bütövlüyünü tanımalıdır, Türkiyəyə qarşı olan torpaq iddiasından da əl çəkməlidir. Ancaq bu halda onun normal dünyaya inteqrasiyası baş verə bilər. Bu zaman Ermənistana investisiya gələr, sosial problemləri həll olunar.
O ki qaldı Qarabağ danışıqlarına, Azərbaycanın bu gün Ermənistana etdiyi ən böyük güzəşt işğal edilmiş torpaqlarla bağlı danışıqlarda iştirak etməsidir. Azərbaycanın mövqeyi birmənalıdır, erməni qoşunları ölkəmizin ərazisindən çıxarılmalıdır. Azərbaycan heç bir halda öz torpaqlarını Ermənistana güzəştə getməyəcək”.
Günay Elşadızı / METBUAT.AZ