“Trampın Amerikasına bu gün Uzaq Şərqdə sabitlik lazımdır”

Xəbər verdiyimiz kimi, iyunun 12-də ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, uzun müddətdir gözlənilən tarixi görüş üçün artıq Donald Tramp bu gün Sinqapura gedib. Trampın göyərtəsində olduğu təyyarənin Sinqapurdakı Payya-Leba Hərbi Hava Bazasına enişi və "Shangri-La" otelinə yollanması ABŞ telekanalları ilə canlı yayımlanıb.

Qeyd edək ki, Donald Trampla Şimali Koreya lideri Kim Çen In Sinqapurun Sentos adasındakı "Capella" otelində görüşəcək.

Görüşlər bağlı Metbuat.az-a açıqlama verən politoloq Ceyhun Əhmədli bildirib ki, sabah baş tutacağı planlaşdırılan görüşdə əsas iki məsələ müzakirə olunacaq. 1. ABŞ-Şimali Koreya münasibətlərində yeni bir səhifənin açılması; 2. Koreya yarımadasının nüvəsiz zonaya çevrilməsi:

“Hər şey ikinci punktdakı şərtin ödənilib-ödənilməməsindən asılı olacaq. Əslində Şimali Koreya lideri son dövrlər öz davranışları ilə sülh tərəfdarı olduğunu bir neçə dəfə bəyan edib. Təsadüfi deyil ki, Kim Çen ABŞ-la münasibətlərin isinməyə doğru getməsi ilə ölkəsində nüvə silahı istehsalını müvəqqəti olaraq dondurmuş, hətta nüvə stansiyalarından birinin bağlanması ilə bağlı qərar qəbul etmişdi. Deməli, Ağ Evin sərfəli təklifləri qarşısında Şimali Koreya tam olmasa da, müəyyən qədər güzəştə getməyə hazırdır. Trampın ritorikası isə çox dəyişkəndir. Sabahkı görüş əsnasında hansı qərarı qəbul edəcəyini, müzakirələrdə hansı təklif və tələblərlə çıxış edəcəyini təxmin etmək çox çətindir. Hələ bir neçə ay bundan əvvəl Tramp Tvitter üzərindən yaydığı açıqlamalarda Şimali Koreya liderini dəfələrlə təhdid etmiş, müharibə mesajları vermişdi”.

Politoloqun sözlərinə görə, Trampın Amerikasına bu gün Uzaq Şərqdə sabitlik lazımdır: “Orta Şərqdə cərəyan edən hadisələr, xüsusən İranın Suriya, İraq, Livan kimi ölkələrdə nüfuzunun getdikcə artması ABŞ-ı bu regionda əlavə addımlar atmağa sövq edir. Bu baxımdan, Uzaq Şərqdə geosiyasi sabitliyi təmin etmək, Şimali Koreya ilə yeni növ münasibətlər qurmaq Tramp administrasiyası üçün böyük əhəmiyyət daşıyır. Bəlkə də rəsmi Vaşinqton heç vaxt olmadığı qədər bu gün Koreya yarımadasında sülhün bərqərar olmasında maraqlıdır.

Sabahkı görüşün nəticəsiz yekunlaşacağını düşünməsəm də, hər iki tərəfi qane edən sülh formulunun əldə olunacağına da böyük ümid bəsləmirəm. Mən Şimali Koreyanın Trampın arzuladığı kimi nüvə proqramını bütünlüklə ləğv edəcəyi fikrindən tamamilə uzağam. Çünki kommunist sisteminin mövcud olduğu bir ölkə hərbi potensialının genişləndirilməsindən asanlıqla vaz keçməz. Ən yaxşı halda nüvə silahının istehsalının dayandırılmasına dair İran nümunəsinə bənzər müvəqqəti saziş imzalana bilər ki, Trampın da buna gedib-getməyəcəyi hələlik sual doğurur”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR