Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Metbuat.az-ın məlumatına görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Bir neçə gün öncə, iyunun 26-da isə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakıdakı Azadlıq Meydanında möhtəşəm hərbiparad keçirildi. Hərbi paradın keçirilməsi, ardınca isə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi bir mesaj sayıla bilərmi?
Məsələ ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert, Mirşamil Hadıyev Metbuat.az-a açıqlamasında bildirib ki, bütün bu təlimlərin hamısı düşmənə bir mesajdır: “Bu o deməkdir ki, ordumuz hər zaman istənilən qüvvəni toplayıb düşməni yerində oturda bilər. Təlimin məqsədi Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda göstərilən hərbi texnikanın yerindəcə nümayiş etdirib düşmənə göstərməkdir. Yəqin ki, görmüsüz ermənilər nə gündə parad keçirirlər, çox gülməli vəziyyət yaranır. Azərbaycanın keçirdiyi möhtəşəm hərbi paraddan sonra yəqin ki, Ermənistan bir daha düşünəcək. Paradın məqsədi o dövlətin gücünü göstərməkdir. Hələ paradda bütün texnika göstərilmir, bizim başqa silahlarımız da var ki, onlar paradda nümayiş olunmur”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert İlqar Əliyev isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, möhtəşəm hərbi paradın, ardınca isə genişmiqyaslı hərbi təlimlərin keçirilməsini mesaj kimi də qəbul etmək olar: “Azərbaycan bununla Ermənistana güc-qüvvə nümayiş etdirir. Paradla genişmiqyaslı hərbi təlimləri onunla əlaqələndirmək olar ki, yeni alınmış silahları, sistemləri təcrübədən keçirmək lazımdır. Bunların digər qoşun növlərilə uzlaşması, qarşılıqlı əlaqənin yaradılması, məşq etdirilməsi lazımdır. Yeni silahlar sistemlərin alınması ilə əlaqədar yeni hərbi hissələr yaradılıb. Bunların bir-birilə uzlaşmasını həyata keçirmək lazımdır. Birdən-birə müharibəyə başlamaq və ya yeni silahlar aldınsa, onu birbaşa müharibədə istifadə etmək olmur. Onu təcrübədən keçirmək, digər qoşun növlərilə uzlaşmasını həyata keçirmək, qarşılıqlı əlaqə yaratmaq lazımdır.

Məqsəd də budur ki, məhz paradda nümayiş olunan hərbi texnikanın digər qoşun növlərilə uzlaşması həyata keçirilsin. Paradda göstərilən bu silahlar elə silahlardır ki, ordumuz düşmənin bütün əməliyyat eşalonlaşması boyu onlara maksimum dərəcədə zərbə vursun. Ona görə də bu silahları döyüşlər başlayana qədər maksimum dərəcədə sınaqdan keçirmək lazımdır ki, artıq müharibə başlayanda müqavimət göstərməyə düşmən qüvvəsi qalmasın”.
Günay Elşadqızı / METBUAT.AZ
“Rusiya birmənalı şəkildə etiraf edir ki, Qarabağ məsələsi işğal məsələsidir” – Aydın Mirzəzadə