Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin və ictimai xadim Maksim Şevçenko konfransda iştirak etmək üçün Cocuq Mərcanlıya gəlib.

Metbuat.az xəbər verir ki, Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilib. Konfransda Rusiyanın bir qrup deputatı, ictimai-siyasi xadimlər, ekspertlər və azərbaycanlı millət vəkilləri iştirak ediblər. Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Konfransda çıxış edən Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin deyib ki, bir çoxları səhvən düşünür ki, Rusiya ilə Ermənistan arasındakı tərəfdaşlıq Azərbaycanla münasibətləri pozur, əslində bu, belə deyil. Rusiyanın Azərbaycanla münasibətləri ön plana çıxıb.

“Rusiya XİN-də olan məmurların o cür ifadələri səsləndirməsi daha vacib haldır”

O, bildirib ki, Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir. Duqinin sözlərinə görə, bugünkü konfransın Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir: “Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin mövqeyidir”.

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev isə bildirib ki, Dağlıq Qarabağ və ətraf 7 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır: “Azərbaycan, Ermənistan və Rusiya bu münaqişənin həllində maraqlıdır. Məhz Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna görə Ermənistan ölkəni dərin iqtisadi böhrana salan blokadadadır. Ancaq təəssüf ki, hələlik Ermənistan hakimiyyəti bunu başa düşmür".

“Rusiya XİN-də olan məmurların o cür ifadələri səsləndirməsi daha vacib haldır”

Onun sözlərinə görə, Rusiya Ermənistan hökumətinin dəyişkən siyasətini görür və məyusdur. Eyni zamanda, Bakını isə Moskva etibarlı tərəfdaş kimi görür: "Biz Azərbaycanda yaxın tərəfdaş kimi əminik. Buna görə də biz milyardlarla dollarlıq silah satırıq, çünki bilirik ki, bu silahlar Rusiyaya tərəf heç vaxt dönməyəcək və hər iki dövlətin mənafelərinə xidmət edəcək". D.Savelyev Azərbaycanın Rusiya ilə bir çox region ölkəsi arasında vasitəçi olduğunu vurğulayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, əslində onların fikirlərində Azərbaycan cəmiyyətində yenilik yoxdu: “Əgər obyektivlikdən söhbət gedirsə, hər şeyi öz adıyla çağırmaq lazımdır. Orada da biz real vəziyyətin təhlilini gördük. Əvvəllər Rusiya KİV-lərindəki fikirlər balanslaşdırılmış fikirlər deyildi, ermənipərəst mövqedən çıxış edirdilər. Çünki onlar yaranmış vəziyyəti, Ermənistan problemlərini, onların ətrafındakı prosesləri təhlil edəndə Qarabağ faktorundan istifadə etmirdilər, yaxud da onun o qədər də təsirli olmadığını bildirirdilər. İndi isə açıq-aşkar görürük ki, onlar Ermənistanın düşdüyü vəziyyətin başında Qarabağ məsələsini göstərirlər. Bu əlbəttə ki, çox müsbət tendensiyadır. Bu tendensiya üzərindən bizim tərəfimizdən də müəyyən addımlar atılmalıdır ki, Rusiya ekspertlərinin daha böyük qismi bu mövqedə dayansınlar, yəni, həqiqəti olduğu kimi desinlər.

“Rusiya XİN-də olan məmurların o cür ifadələri səsləndirməsi daha vacib haldır”

Amma yaxşı olardı ki, Rusiyanın ekspertləri yox, rəsmiləri də bu barədə danışsınlar, həqiqəti dillərinə gətirsinlər. Rusiya deputat korpusunun bəzi nümayəndələrinin bəzilərinin dilindən bunu eşitmək olar, məsələn Dmitri Savelyevdən. Bildiyiniz kimi, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini olan Dmitri Savelyev Cocuq Mərcanlıya da gəlmişdi, fikirlərini bir daha təsdiqləmişdi. Amma Rusiyanın digər dairələrinin nümayəndələri, Rusiya Xarici İşlər Nazirliyində olan məmurlar, yaxud da Rusiya Kütləvi İnformasiya Vasitələrində çalışan aparıcı ekspertlər, deputat korpusunda əyləşən digər deputatlar, regionumuzda gedən proseslərlə maraqlanan şəxslərin o cür ifadələri səsləndirməsi vacib haldır. Çünki onlar Rusiyanın regionla bağlı siyasətində hansısa dəyişiklik edilməsinə nail ola bilərlər.

Onlar bununla Ermənistan cəmiyyətinə də daha təsirli mesajlar yollaya bilərlər. Ermənistan ona görə bu vəziyyətdədir ki, 20 il ərzində onlar Rusiyadan başqa mesajlar, sözlər eşidirdilər. Onların hər dəfə başlarının altına yastıq qoyurdular ki, sizin problemləriniz tədricən həll olunacaq, Avrasiya İttifaqına daxil olsanız, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbilərində aktiv iştirak etsəniz, Rusiyaya yaxın olsanız, problemləriniz həllini tapacaq. Amma illər keçib, bunlar sanki yuxuya çevrilib. Cəmiyyət gözünü açıb başqa reallığı görüb. Bu reallıqlardan həm kənar ekspertlər danışsalar, həm də tədricən yerli ictimaiyyət arasında bu fikirlər kənarlaşsa, onda Qarabağ münaqişəsinin tənzimlənməsində də müəyyən dönüşləri gözləmək olar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Rusiya birmənalı şəkildə etiraf edir ki, Qarabağ məsələsi işğal məsələsidir” – Aydın Mirzəzadə