Vəkillərin peşə bayramı günü qeyd olunacaq

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd etmişdir ki, hüquqi dövlətdə vəkillik təsisatın rolunun ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti vardır. Anar Bağırov tədbir iştirakçılarına Vəkillər Kollegiyasının cari fəaliyyəti barədə məlumat vermiş, xüsusilə vəkilliyə qəbul üzrə keçirilmiş ixtisas imtahanları və bu imtahanlar nəticəsində Vəkillər Kollegiyası üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib.

Daha sonra Anar Bağırov cari ayın əvvəlində Gəncə şəhərində baş vermiş hadisələrlə bağlı Kollegiyanın bu kimi hərəkətləri qətiyyətlə pisləndiyini vurğulayıb.

Tədbirdə vəkillərin peşə bayramı gününün təsis olunması ilə bağlı məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin müzakirəsinə çıxarılıb. Rəyasət Heyətinin sədri bu məsələnin vəkillik təsisatı üçün böyük əhəmiyyət daşıdığını, bu səbəbdən digər peşə sahibləri kimi vəkillərin peşə bayramı gününün təsis olunmasının zəruri olduğunu, bununla əlaqədar Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradıldığını və bu komissiya çoxsaylı arxiv sənədləri üzərində apardığı araşdırma və təhlil nəticəsində 30 iyul 1919-cu il tarixinin Azərbaycan Demokratik Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılma tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təklif etmişdir. Sonra vəkillərin peşə bayramı gününün hər il 30 iyul tarixində qeyd edilməsi ilə bağlı təklif Rəyasət Heyəti üzvlərinin müzakirəsinə təqdim olunub və qərar yekdilliklə qəbul olunub.

Daha sonra peşəyə buraxılan 266 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb. Sonra tədbirdə Azərbaycan Respublikası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək son aylar ərzində vəkillik sahəsində gözəçarpan islahatların aparıldığını, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının xüsusi əhəmiyyəti olduğunu, o cümlədən gələcəkdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlı tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.

Günay Elşadqızı / METBUAT.AZ

Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək İLK DƏFƏ/ FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR