İsveçrə qəzeti: "SOCAR Trading" özəl investisiya mədəniyyəti nümunəsidir

17:18 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

İsveçrənin nüfuzlu "L'AGEFI" gündəlik qəzetində SOCAR Trading şirkətinin icraçı direktoru Arzu Əzimovla müsahibə çap olunub. Müsahibədə şirkətin tarixi, inkişaf mərhələləri barədə suallar cavablandırılıb, həmçinin ümumilikdə bu gün dünyanın enerji sahəsindəki vəziyyət təhlil edilib. Trend həmin müsahibəni olduğu kimi təqdim edir:

SOCAR Trading şirkəti. Azərbaycan dövlətinə məxsus olan ticarət şirkəti Cenevrədə beynəlxalq fəaliyyətini gücləndirir.

2008-ci ildə Cenevrədə əsası qoyulan və Azərbaycanın xam neftinin 75%-nin – ayda 20 milyon barel olmaqla satışını həyata keçirən SOCAR Trading şirkəti neft, qaz və ya LNG (maye təbii qaz) məhsullarının ticarətininin genişləndirilməsini davam etdirir.

Nəhəng dövlətlər Qafqazda yerləşən bu ölkənin geosiyasi vəziyyətini diqqətlə izləyir. Azərbaycanın açıq dənizə çıxışı olmadığından beynəlxalq enerji bazarlarına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə çıxır. Azərbaycanın yüngül və aşağı kükürdlü Azeri Light markalı xam nefti Avropanın ən bahalı xam neft növlərindən biridir və Avropada ona tələbat yüksəkdir. SOCAR Trading şirkətinin Sinqapurda, Dubayda, Londonda, Monakoda və İstanbulda nümayəndəlikləri var. Cenevrədəki qərargah bütün dünya üzrə on şöbə arasında paylaşdırılmış 160 işçidən 120 nəfərinə sahib olmaqla şirkətin ən mühüm şöbəsini təşkil edir.

SOCAR Trading-in icraçı direktoru Arzu Əzimov SOCAR şirkətinə 1994-cü ildə (şirkət Sovet İttifaqının süqutundan sonra 1992-ci ildə yaradılıb), şirkət idxal-ixrac strukturunu təkmilləşdirdiyi dövrdə qoşulub. A.Əzimov struktur etibarilə dövlətə məxsus olsa da, fəaliyyəti etibari ilə qətiyyən özəl şirkətdən seçilməyən SOCAR Trading şirkətinin strategiyası barədə fikirlərini "L’Agefi" qəzeti ilə bölüşür. SOCAR Trading ana müəssisənin geniş diplomatik əlaqələri sayəsində beynəlxalq şirkətlərlə yeni müqavilələr bağlayıb və Cənubi Asiyada, Afrika və Uzaq Şərqdə infrastruktur layihələr hazırlayıb. SOCAR Trading-in Cenevrə şöbəsinin nüfuzu ana müəssisənin – Dövlət Neft Şirkətinin güclü beynəlxalq fəaliyyətinə əsaslanır.

- Azərbaycan höküməti yalnız 2012-ci ildən SOCAR Trading şirkətinin yeganə səhmdarıdır. 2008-ci ildə Cenevrə qərargahını yaradarkən nə üçün qarışıq sistemli ictimai-özəl mülkiyyət növünü seçdiniz?

- Artıq 2006-cı ildə SOCAR birgə müəssisəni, öz ticarət qolunu yaratmaq məqsədi ilə bir sıra ticarət şirkətləri ilə danışıqlara başlamışdı. Layihə hələ başlanğıc mərhələsində olduğundan SOCAR təcrübəli və geniş maliyyə imkanları olan şirkətlərlə əməkdaşlıq etməyə çalışırdı. Lakin danışıqlar uğursuzluqla nəticələndi, çünki ticarət şirkətləri birgə müəssisənin idarəsini və gəlirin yarısını SOCAR-a verməkdən imtina etdi. Həmin dövrdə Lukoil-un əməkdaşı Valeri Qolovuşkin azərbaycanlı iş adamı Anar Əlizadəyə müraciət edərək, onun vasitəsilə SOCAR-a əməkdaşlıq təklifi irəli sürdü. İki peşəkar sahibkar SOCAR-ın səhmdar strukturu barədə razılığa gələ bildi və nəticədə 2007-ci ildə İsveçrədə SOCAR Trading şirkətinin əsası qoyuldu. Səhmdar razılaşmasında SOCAR şirkətinin beş ildən sonra SOCAR Trading-in bütün səhmlərini geri almaq üçün üstünlük hüququna malik olduğu göstərilib.

- Nə üçün 2008-ci ildə İsveçrəni seçdiniz?

- İsveçrəni dünyanın ticarət şəbəkəsində tutduğu əlverişli mövqeyə görə seçdik. SOCAR Trading müəssisəsinin vergi qanunu təsdiqlənənə qədər İsveçrə hökuməti ilə şirkətin strukturunun müzakirəsi aparıldı.

- Cenevrə kantonunun vergi sisteminin aktual müzakirələri, xüsusən də ticarət şirkətləri arasındakı köməkçi şirkət statusu SOCAR Trading-ə öz təsirini necə göstərir?

- Biz kantonun təklif etdiyi cəlbedici vergi sistemini nəzərə alaraq, ilk seçimimizi digər variantlar arasında məhz Cenevrə üzərində saxladıq. Əlbəttə ki, vəziyyət başqa cür olsaydı, Cenevrə beynəlxalq ticarət şirkətlərini özünə cəlb etməz və biz də, çox güman ki, heç vaxt bu şəhərdə qərarlaşmazdıq. Sinqapurda vergi dərəcəsi 5%-dən azdır. Dubayda şirkətlər vergidən azaddır. London da əlverişli vergi sistemi ilə çıxış edir. Cenevrə hakimiyyət orqanları SOCAR Trading kimi beynəlxalq ticarət şirkətlərinin kifayət qədər aktiv olduğunu nəzərə almalıdır.

- SOCAR Trading böhranlı 2008-ci ildə yaradıldı. Maliyyə mənbəyini necə tapa bildiniz?

- Şirkət üç səhmdar tərəfindən maliyyələşdirilməli idi. Əslində, SOCAR lazımi kapitalı çətinliklə toplaya bildi. Söz yox ki, 2008-ci ildə banklar kredit xəttləri açmağa tərəddüd edirdilər, xüsusən də post-sovet dövrünə məxsus dövlət şirkəti üçün. Nəticə etibarilə, maliyyə dəstəyinin böyük hissəsi nüfuzu və təcrübələri sayəsində SOCAR Trading üçün kredit xətləri açdırmağa nail olan Valeri Qolovuşkin və Anar Əlizadəyə məxsus idi. Üstəlik, Valeri Qolovuşkin tanınmış mütəxəssis idi. Bundan əlavə, o, Lukoil-un Cenevrədə ticarət qolunu – Litasco-nu təsis etmişdi. Litasco SOCAR şirkətinin həmin dövrdə həyata keçirmək istədiyi layihəyə çox bənzəyən başqa bir layihəni uğurla reallaşdırmışdı. SOCAR Trading şirkəti dünya bazarının mütəxəssisləri və bankirləri arasında məhz bu iki şəxsin köməyi nəticəsində etibar qazana bildi. Anar Əlizadə kapitala öz töhfəsini verməklə yanaşı, SOCAR Trading-i çətin anlarda borc vəsaitləri ilə də təmin etdi.

Üç ildən sonra SOCAR Tranding SOCAR şirkətinin nəzdində yerini möhkəmlədə bildi...

2012-ci ildə, yəni beş illik müddətin sonunda SOCAR şirkəti SOCAR Trading-in səhm paylarının alınması haqqında müqavilə imzaladı. Anar Əlizadə idarə heyəti üzvlüyündən istefa versə də, Valeri Qolovuşkin 2013-cü ilin sonlarına qədər şirkətin baş içraçı direktoru və idarə heyətinin sədri vəzifəsində qaldı. O, 2013-cü ilin dekabr ayında baş icraçı direktor vəzifəsindən imtina etdi və son vaxta qədər idarə heyətinin sədri vəzifəsində çalışdı. O hələ də idarə heyətinin üzvüdür. SOCAR özəl investisiya mədəniyyətini qoruyaraq, bütün özəl sərmayəçilərin səhmlərini geri ala bildi. İndi biz dövlət şirkətinin üstünlüklərindən və özəl sahibkarların üstünlüklərindən faydalana bilirik. İş əlaqələrimizi həyata keçirərkən hökümətimizin diplomatik əlaqələrinə, nüfuzuna xələl gətirəcək hər şeyə qarşı çox həssas davranırıq. Siyasi risk bizim üçün çox mühüm riskə bərabərdir.

- Hazırda SOCAR Trading hansı məbləğdə dəyərləndirilir?

- Beynəlxalq audit şirkətləri (Big 4) tərəfindən həyata keçirilən müstəqil qiymətləndirməyə əsasən SOCAR Trading-in kapital dəyəri 30 iyun 2012-ci ildə 350 milyon dollar, 31 dekabr 2013-cü ildə isə 425 milyon dollar həcmində qiymətləndirilirdi. Boston Consulting Group və Wood Mackenzie qruplarının hesablamaları göstərib ki, SOCAR Trading-in yaradılması Azərbaycana 2008-2013-cü illər arasında xam neftdən 1,7-1,8 milyard dollara qədər əlavə gəlir qazandırıb.

- 2015-ci il Azərbaycan neftinin istehsalının zirvəsi elan olunub, bundan sonra üçüncü tərəflərlə iş birliyi SOCAR Trading üçün zəruri mərhələdirmi?

- Başlanğıcda bizim vəzifəmiz əsas müəssisənin - SOCAR-ın neft və neft məhsullarını satmaq idi, biz onun ticari qolu idik, indi də elədir. Bu vəzifəyə bir məsələ də əlavə olunur: bazara olan baxış bucağımızdan irəli gələn ticarət. Bu gün üçüncü tərəf kontragentlərlə dövriyyə bizim ticarət və layihələr üzrə dövriyyə həcminin 50%-ni təşkil edir. Bu, əslində bizim bir şirkət olaraq müstəqilliyimizin həlledici mərhələsidir. Bununla belə, son on il ərzində bazarın açıqlığı yüksəldiyindən sırf ticarət artıq cəlbedici imkanlar üçün şərait yaratmır. İstehsalçılar son istehlakçılara yetişiblər. Bundan sonra bizim əlavə dəyərimiz kəşfiyyat-hasilat və ya emal infrastrukturu layihələrinə əsaslanır və biz müştəri yönümlüyük. Treydinq bazarında müqavimətə tab gətirmək üçün qloballaşma və ticarətin genişləndirilməsi proqramı işləyib hazırlamalıdır. SOCAR Trading bəlkə də digər treyderlərin sinə gələ bilməyəcəyi təhlükə ilə qarşı-qarşıya durmaq iqtidarındadır. Bizim treyderlərimiz əsasən LNG (maye təbii qaz), eləcə də qaz və elektrik bazarını inkişaf etdirir.

- Qonşu İran dövləti on ildən artıqdır ki, neft məhsullarının ixracatına mane törədən beynəlxalq sanksiyalardan əziyyət çəkir. Bu yaxınlarda sanksiyaların ləğv olunması gözlənilirmi?

- Sanksiyalar müəyyən səbəblərə görə tətbiq edilib. Sanksiyalar ləğv olunsaydı, qonşu və dost dövlətlə işgüzar əlaqələrimizi bərpa edə bilərdik və şəxsən, mən buna çox sevinərdim. Bir dövlətin təcrid olunması yaxşılığa deyil. Hazırda Rusiyada da eyni vəziyyətdir. Azərbaycan İranın qonşusudur və maraqlı geostrateji mövqedə yerləşir, sanksiyalar qaldırılan zaman ilk sırada olmaq istəyirik. Biz çətin ki, neytral qalaq.

- Neftin qiymətinin cari azalması haqqında nə fikirləşirsiniz?

- Treyderlər bazarda qiymətlərin bahalaşmadan azalmağa keçdiyini qərara alıblarsa, bu tendensiyanı devirmək çətin məsələdir. Ümid edirəm, xam neftin qiyməti bəzi ekspertlərin təhlillərdə göstərdiyi kimi aşağı deyil. Bazar həmişə siyasi hadisələrə reaksiya verə bilər və hər hansı proqnoz vermək çətindir.

- OPEC-in hesablamasına görə dünya üzrə enerji istehlakı bu ildən başlayaraq 2040-cı ilə qədər 60% artacaq. Qazın və az da olsa bərpa olunan resurslarının qiymətinin yüksəlməsini kompensasiya etmək üçün neftin qiyməti azaldılmalıdır. Siz bu təhlillə razısınızmı?

- Neftin bir bareli çoxbaha olduğuna görə bərpaolunan ehtiyatların inkişafına böyük dəstək verildi. Cari qiymətlərə baxsaq, bu sektorun gələcəkdə dövlətlər tərəfindən subsidiya alacağına inanmıram. Qaz ekoloji cəhətdən ətraf-mühiti daha az zibilləyir. SOCAR Trading qaz yataqlarının kəşfiyyatı ilə bağlı müxtəlif layihələr hazırlayır və qaz və elektrik sektorunun infrastruktur layihələrində iştirak edir.

SOCAR şirkəti rəqəmlərlə:

SOCAR (State Oil Company of the Azerbaijan Republic) 1992-ci ildə - Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra yaradılmışdır. “Ernst and Young Holding” tərəfindən auditi başa çatdırılan SOCAR şirkəti 2013-cü ildə illik dövriyyəsi 1,2 milyard dollar təşkil edən 50 xarici neft şirkəti siyahısına daxildir. Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətin əsası respublika prezidentinin Azərbaycan qanunvericiliyinə əsasən 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə qoyulmuşdur. SOCAR neft yataqlarının kəşfiyyatı, nəqli və emalı əməliyyatlarını həyata keçirir. Şirkətin başlıca funksiyalarına neft, qaz və qaz kondensatının hasilatı, emalı, nəqli və neft və qaz məhsullarının satışı daxildir.

SOCAR şirkəti 100% Azərbaycan Respublikasının hökümətinə məxsusdur və birgə müəssisələr (əsasən Gürcüstan və Türkiyədə), konsorsiumları və SOCAR şirkətinin Gürcüstanda, Türkiyədə, Rumıniyada, Avstriyada, İsveçrədə, Qazaxıstanda, Böyük Britaniyada, İranda, Almaniyada və Ukraynada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və digər ölkələrdə ticarət şirkətləri yerləşir. SOCAR müxtəlif sektorlarda fəaliyyət göstərən bir çox xarici şirkətləri ilə əməkdaşlıq edir. BP, Exxon, Statoil, Total, Chevron, Itochu və Lukoil kimi şirkətlər Xəzər dənizinin ehtiyatlarının işlənməsinə cəlb olunublar. SOCAR şirkəti TANAP (Trans-Anatolian Natural Gas Pipeline) boru kəməri ilə əlaqədar bütün milli və beynəlxalq layihələrdə həlledici rola malikdir. Şirkətin vəzifəsi qaz ehtiyatları 3-5 trilyon kubmetr həcmində proqnozlaşdırılan Azərbaycan Respublikasının enerji təhlükəsizliyini təmin etməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR