Tahirə Əlirzayeva

Köşə yazarı

11:41 23 İyul 2018 1714
A- A+

İncil yarpağı ilə Mars uçuşu - Sən də mi, Brut?

“Yaxşı dost dar gündə tanınar”.

Dostluq haqqında bunun kimi yüzlərlə ata sözləri var. Hələ filmləri, romanları, şeirləri, rəsmləri demirəm… Niyə bu qədər çoxdu? Niyə insan oğlu ağlı kəsəndən dostluq qurmağa çalışıb və hər dəfə də necəsə xəyanət edib?

Ən qədim əsərlərdə, tarixi hadisələrdə də bu xəyanətin nümunələrinə rast gəlirik. Məsələn, məşhur Brut haqq-hesabı. “Sən də mi, Brut?..” Xatırladınızmı?

Hələ dini rəvayətlərdən bildiyimiz Habil-Qabil olayından tutmuş, bu günümüzə qədər gələn, milyon illər sonra da davam edəcək bu xəyanətin heç vaxt dəyişməyən bir səbəbi var: Mənafe, tamah.

Düşün bir, yarpaq geyinəndə də, ilk dəfə odla tanış olanda da, Marsda kaloniya salmağı layihələndirəndə də bu motiv dəyişmir.

İndi də “dost sənin cibin, karyeran, oturduğun kürsüdü” inamı təəssüf ki, gücünü qorumaqdadı. Bunlar bitdisə, vay halına. Gözünü yumub-açacan ki, heç biri yanında deyil. Baxıb, xatırlamaq üçün heç tozları da qalmayıb. Dünənə kimi adi statuslarını belə nəfəs dərmədən bəyənənlər, hətta bu uğurda az qala yarışa çıxanlar indi görməzlikdən gələcəklər. Ancaq yüksəldiyin dövrdə “dədənin gözü” idin. Şəninə badələr qaldırılır, türlü-türlü tostlar deyilirdi.

“Canımsan, olmasaydın, nə edərdim? Xəcalətindən necə çıxacam? Sən mənə balıq vermədin, balıq tutmağı öyrətdin. Etdiyin hörməti ömrüm boyu unutmaram. Əlimdən tutub, uğura dartdın...” və s. kimi sözləri eşitməkdən özün də bezmişdin bir vaxtlar. Düşünürdün ki, nə yaxşı içimdə bu mərhəmət var. Heç olmasa, ətrafımdakı insanlara kömək edə bilirəm. İndi isə balıq tutmağı öyrətdiklərin toru dərin sulara deyil, sənin ətrafına qururlar. Ya da o qədər eqoya qapılıblar, sanki bütün bunları etməyə borclusanmış.

Sən də bilmirsən düşdüyün duruma hirslənəsən, yoxsa ətrafındakı nankorlara? Hirslənmə, bir məsləhət verim. Ayağa dur, bir stəkan su iç, başının ortasında bir tük qopart və lopux çal. Vəssalam!

Ya da get özünə it, at, pişik al. Dilləri olmasa da, biləcəksən ki, yanında etibarlı dostların var.

Bu qiymətli məsləhəti Salam Qədirzadənin hansısa əsərində oxumuşdum. Uşaq idim. Təəccüblənmişdim. Anamdan bunun izahını soruşdum. O da dedi ki, yəqin əsər maraqlı olsun deyə, o cür yazıb. Ancaq çox sonralar belə dostları görüb, sınaqdan keçirdim. Alındı məndə.

***

Bir dəfə qızımı məktəbdən gətirəndə yolda toz içində, yeriyə bilməyən pişik balası gördük. Bütün uşaqlar başına yığılmışdı. Heç kim evinə aparmağa cürət etmirdi. Analarıdan qorxurdular güman ki. Firuzə əl çəkmədi ki, aparaq. Qaldım naəlac. Götürdük, gəldik. Pişiyin səsi çıxmırdı, dedim nə yaxşı sakit pişikdi, sağalana qədər saxlayaq. Pişiyi çimizdirdik, yedizdirdik, oldu bizim. İki gündən sonra o sakit pişikdən əsər-əlamət qalmadı. Bizimlə yeyir, bizimlə yatırdı. Onu da araşdırdım ki, pişik sahibinin neqativini, ağrısını özünə çəkir. Hər dəfə əhvalsız olanda çıxıb qucağımda oturur, yazıq-yazıq üzümə baxır. Bir neçə dəqiqəyə bütün mənfi auranı özünə çəkir sanki. Pişik böyüdükcə ona azadlıq verməməyimiz məni sıxır, ancaq qızım xoşbəxtdir. Pişik hər qapı açılanda çölə tullanmağa çalışır, biz evə mikrob gətirər deyə, qoymuruq. Yazıq-yazıq pəncərədən çölə baxır, ürəyim ağrıyır.

Keçən həftə kəndə gedəndə həyat yoldaşımla danışıb, qəti qərara gəldik ki, ona azadlıq vermək lazımdı. Və çölə buraxıb, getdik kəndə. Ancaq hamımızın ürəyi onun yanında qalmışdı. Görən necə oldu? Kənddən gələn kimi yüyürdüm, pəncərəni açdım, çölə boylandım, görmədim. Elə başım ev işlərinə qarışmışdı ki, bir də gördüm qorxa-qorxa ayaqqabılarımızı qoxlayır. Sevindik. Düşündüm ki, yəqin bizi görməyə gəlib, artıq çölə öyrəşib, bir az sonra gedəcək. İki gün hər axşam gəlib evdə yatdı, səhər işə gedəndə çölə çıxartdım. Aman allah, hər işdən gələndə gördüm ki, qapımızın ağzında yatıb, məni görən kimi səsini başına atır, ayağıma dolanır. Uzun sözün qısası, nə billah elədik, bizi tərk etmədi. Mən ona bir tikə çörək verirəm. Nə edirəm ki?

***

Hələ uşaq olanda babamgilin həyətində bir pişik var idi. Hər dəfə balalayır, balaları böyüyüb gedir, ana pişik yenə orda qalırdı. Zaman-zaman çox əl-ayağa dolaşırdılar deyə, babam ananı da, balaları da bir meşoka yığıb, uzaq bir kənddə azdırıb gəldi. Üstündən aylar keçdi. Bir yay günü həyətdə miçəfkəndə yatmışdıq, çöldə dayanmadan pişik miyoltusu eşidilirdi. Babam hər səhər tezdən durardı. Amma indi yatdığı üçün bildim ki, saat heç 7 deyil. Pişiyin miyoltusu onu oyatdı. Durub darvazanı açdı, özünə məxsus tərzdə - “Bıy, buna baxe, Allah, sən saxla, pişik qayıdıb” - dedi və səsi qırıldı. Bildim ki, kövrəldi. Daha heç kimin gözünə yuxu getmədi. İlahi… pişik yolçuya oxşayırdı. Aylardı yol gəldiyi üçün tozun içində, sınıxmış vəziyyətdə. Üzündən də yorğunluq tökülürdü sanki. Babam heyrətlə ona baxırdı, o da qapının önündə sanki içəri girmək üçün icazə gözləyirdi. Babam kişi qürurundan utanmasaydı, hönkürərdi. Və bilsəydi ki, bu pişik aylar sonra gəlib çıxacaq, heç vaxt azdırmazdı. Sonra kim qonaq gəldisə, hamıya ondan danışdı. Və heç vaxt o pişiyi qovmadı.

***

Bu iki əhvalat fərqli zamanlarda baş verib. Əminəm ki, bizim görmədiyimiz qədim zamanlarda da belə olublar. Etibarlı, sevimli. Onlar xəyanət etməzlər.

***

Babam rəhmətə gedəndən sonra bir daha həyətdə nə o pişiyi, nə də balalarını görmədim. Getdi həyətimizdən və həyatımızdan.

***

Dostlar da gedir... Amma bu iki gediş arasında fərqi düşünəndə sarsılmamaq olmur. Biri xəyanətlə, digəri sən yoxsan deyə...

Qara briliyant: Hamıda var, heç kim fərqində deyil - Oxumaq üçün tıkla

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI