Bu gün - 21 sentyabr Vətən müharibəsinin qəhrəman şəhidi Nadirov Fərid İlyas oğlunun doğum günü Göyçay şəhər Şəhidlər Xiyabanında qeyd olunub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərasimdə şəhidin doğmaları və yaxınları, müharibə iştirakçıları, idarə-təşkilatların rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı şəhidimizin qısa amma şərəfli həyat və döyüş yolundan bəhs olunub.

"O, nişanlı idi. Könüllü xidmətini bitirdikdən sonra geri qayıdınca toy etmək istəyirdi. Amma onun bu arzusu yarımçıq qaldı".

Fərid Nadirov 21 sentyabr 2000-ci ildə rayonun Üngütlü kəndində dünyaya göz açıb. İlk təhsilini Göyçay şəhər 1 nömrəli məktəbində alıb. Daha sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində torpaqlarımızın tam olaraq işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Xatırladaq ki, şəhid Fərid Nadirov 28 noyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlər zamanı qəhrəmanlıq və böyük şücaətlər göstərdiyi üçün “Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Nadirov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.