İtaliyadakı Stelvio Milli Parkı Alp dağlarında bir ay müddətində yaşayacaq könüllülər axtarır.

Metbuat.az xəbər verir ki, seçiləcək şəxslərə pulsuz yaşayış və əsas xərclərin qarşılanması ilə yanaşı, aylıq 400 avro maliyyə dəstəyi veriləcək. Proqrama qəbul olunan könüllülər Stelvio Milli Parkındakı sığınacaqlarda və ya meşə evlərində qalacaqlar. Yemək və tapşırıqlarla bağlı parkdaxili nəqliyyat xərcləri də proqram çərçivəsində qarşılanacaq. Məlumata görə, iştirakçılar park komandasının üzvü kimi müxtəlif vəzifələri yerinə yetirəcəklər. Onlar maral və qızıl qartal kimi vəhşi heyvanların izlənilməsində, cığırların təmirində və ziyarətçilərə yardım göstərilməsində iştirak edəcəklər. Həmçinin iştirakçılardan parkda davamlı turizmin təşviqi üçün təcrübələrini fotoşəkillər və rəqəmsal məzmun vasitəsilə sənədləşdirmələri istəniləcək.

Proqrama 18-40 yaş arası şəxslər müraciət edə bilər. Namizədlərdən təbiətin və ətraf mühitin qorunmasına maraq, yüksək və enişli-yoxuşlu ərazilərdə hərəkət etmək üçün fiziki hazırlıq, həmçinin yerli əməkdaşlarla ünsiyyət üçün əsas səviyyədə italyan və ya ingilis dili biliyi tələb olunur.