Boyun ağrısı zamanı rahatlamaq üçün boynu şaqqıldatmaq geniş yayılmış vərdişlərdəndir. Lakin mütəxəssislər bu hərəkətin ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Metbuat.az xəbər verir ki, Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının baş həkimi, qulaq-burun-boğaz mütəxəssisi professor Özgür Yiğit boynu şaqqıldatmağın müalicə üsulu olmadığını bildirib.
Onun sözlərinə görə, boyun nahiyəsində hər hansı müdaxilə yalnız həkim müayinəsi və göstərişi əsasında aparılmalıdır. Ağrının səbəbi müəyyən edilmədən boynu şaqqıldatmaq və müxtəlif masaj hərəkətləri etmək təhlükəli nəticələrə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, yanlış müdaxilə beyinə laxtanın getməsi, iflic, boyun fəqərələrinin sınığı, onurğa və beyin kötüyünün zədələnməsi kimi ciddi fəsadlara yol aça bilər.
Türkiyə Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi Dərnəyinin sədri professor Suat Turgut da boynu şaqqıldatmağın faydalı müalicə üsulu olmadığını vurğulayıb.
Onun sözlərinə görə, boyunda qəfil hərəkətlər beyini qidalandıran əsas damarlardan birinin zədələnməsinə və yırtılmasına səbəb ola bilər. Bu isə qəfil iflic, başgicəllənmə və beyincik qanaması ilə nəticələnə bilər.
Mütəxəssis həmçinin boynun qəfil irəli-geri hərəkət etdirilməsinin “qamçı zədələnməsi”nə səbəb ola biləcəyini və ağır hallarda tənəffüsün dayanması, hətta ani ölüm riskinin yarana biləcəyini bildirib.
Həkimlər boynu şaqqıldatdıqdan sonra güclü ağrı, başgicəllənmə, görmə və ya hərəkət pozğunluğu kimi əlamətlər yaranarsa, vaxt itirmədən tibbi yardım almağı tövsiyə edirlər.