Qəhvə içmədən də onun xoş qoxusundan faydalanmaq mümkündür. Yaponiyada aparılan araşdırma göstərib ki, təzə dəmlənmiş qəhvənin qoxusunu cəmi bir neçə dəqiqə hiss etmək insanın əhvalına və beyin fəaliyyətinə müsbət təsir göstərir.
Metbuat.az xəbər verir ki, yaponiyalı alimlər 20-29 yaş arasında olan 20 könüllünün iştirakı ilə araşdırma aparıblar. İştirakçılar qəhvə içmədən yalnız onun qoxusunu alıblar. Bu müddətdə onların beyin fəaliyyəti, ürək ritmi və psixoloji vəziyyəti izlənilib.
Nəticələrə görə, 5 dəqiqə qəhvə qoxusunu hiss edən iştirakçılarda narahatlıq, yorğunluq, gərginlik, çaşqınlıq və mənfi əhval göstəriciləri azalıb. Eyni zamanda beyində rahatlama ilə əlaqələndirilən bəzi göstəricilərdə artım müşahidə olunub.
Araşdırmada qəhvə qoxusunun enerji və canlılıq hissini nəzərəçarpacaq dərəcədə artırmadığı da müəyyənləşib. Tədqiqatçılar hesab edirlər ki, qoxunun əsas təsiri mənfi emosiyaların azalması və psixoloji rahatlama ilə bağlıdır.
Mütəxəssislər bunu qoxu duyğusunun yaddaş və emosiyalarla sıx əlaqəsi ilə izah edirlər. Qəhvə qoxusu insanda səhər rutini, istirahət və xoş söhbətlər kimi müsbət xatirələri canlandıra bilir.