Torpağa, otlara, ağaclara və mamırlara toxunmağın dəri və immun sistemi üçün faydalı ola biləcəyi müəyyənləşdirilib.
Metbuat.az xəbər verir ki, araşdırmalar təbiətlə təmasın dəridəki mikroorqanizmlərin sayını və müxtəlifliyini artırdığını göstərir. Bu isə zərərli bakteriyaların çoxalmasının qarşısını almağa və immun sisteminin fəaliyyətinə müsbət təsir göstərməyə kömək edə bilər.
Finlandiya Ətraf Mühit İnstitutunun tədqiqatçısı Mira Grönroosun apardığı təcrübədə iştirakçılardan əllərini 20 saniyə ərzində torpaq, torf və mamırla sürtmələri istənilib. Daha sonra əllər su ilə yuyulsa da, dəridəki mikroorqanizmlərin müxtəlifliyinin artdığı müşahidə olunub.
Digər araşdırmada meşə torpağı ilə zənginləşdirilmiş ərazidə oynayan uşaqların dərisində bir il sonra daha yüksək mikrob müxtəlifliyi qeydə alınıb. Alimlər bunun potensial xəstəliktörədən mikroorqanizmlərin üstünlük qazanmasının qarşısını ala biləcəyini bildirirlər.
Tədqiqatlar həmçinin təbiətlə təmasın immun sisteminin tənzimlənməsində rol oynayan bəzi göstəricilərə təsir edə biləcəyini göstərib. Bununla belə, alimlər bunun astma, ekzema və allergiya kimi xəstəliklərin qarşısını birbaşa aldığını təsdiqləmirlər.
Təbiətlə təmasın faydaları yalnız uşaqlarda müşahidə olunmayıb. Mikrob müxtəlifliyi yüksək olan torpaqda tərəvəz yetişdirən böyüklərin dərisində bakteriya müxtəlifliyinin, qanında isə iltihabəleyhinə sitokinlərin artdığı müəyyən edilib.
Ofislərdə canlı bitkilərin yerləşdirilməsi ilə bağlı başqa bir araşdırmada da əməkdaşların dərisində mikroorqanizm müxtəlifliyinin artdığı və bəzi iltihab göstəricilərinin azaldığı müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, təbiətlə müntəzəm təmas insan mikrobiomunun müxtəlifliyinə və immun sisteminin fəaliyyətinə təsir göstərə bilər. Lakin bu əlaqələrin mexanizmlərini və uzunmüddətli sağlamlıq nəticələrini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.