Azərbaycanda yerli ət istehsalının artırılması bazarda təklifin genişlənməsinə və qiymətlərin daha sabit olmasına şərait yarada bilər.

Metbuat.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə ət qiymətlərinin yüksək olması və mütəmadi bahalaşması ilə bağlı sualı cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, heyvandarlıq sahəsinin inkişafı istiqamətində yeni dövlət proqramı qəbul olunub və hazırda onun icrasına başlanılır.

“Proqramın həyata keçirilməsi ilə ölkədə yerli ət istehsalının artırılmasına nail olmağa çalışacağıq. Ət istehsalı artdıqca bazarda məhsul təklifi də artacaq və bunun nəticəsində qiymətlərin daha sabit olması gözlənilir”, – deyə Məcnun Məmmədov bildirib.

Qeyd edək ki, vətəndaşları narahat edən əsas məsələlərdən biri ətin qiymətinin yüksək olması və son dövrlərdə qiymətlərdə mütəmadi artımın müşahidə edilməsidir.