“Ölkənin süni intellekt sahəsində ən qabaqcıl texnologiyanı özü yaratması vacib deyil. Əsas məsələ bu texnologiyanı istehsalda, dövlət xidmətlərində və maliyyə sistemində tətbiq etməkdir. Bu, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına imkan verəcək”.
Metbuat.az xəbər verir ki, bunu Pakistanın ticarət naziri Aleem Khan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, süni intellekt və böyük dil modelləri sahəsində qabaqcıl innovasiyaların əsas mərkəzləri ABŞ və Çin olsa da, yeni texnologiyaların imkanlarından digər ölkələr də geniş şəkildə yararlana bilər:
“Texnoloji yeniliklərin tarixi göstərir ki, onların əksəriyyəti sonradan bütün dünyada istifadə edilə bilən ümumi təyinatlı texnologiyalara çevrilir. Elektrik enerjisi, mobil rabitə və rəqəmsal bankçılıq bunun nümunələridir”, – deyə Aleem Khan qeyd edib.
Nazir vurğulayıb ki, gələcəyin iqtisadiyyatı yalnız rəqəmsal texnologiyalardan ibarət olmayacaq. Yaşıl enerji, robototexnika, yeni materiallar və digər yeni sənaye sahələri daha çox enerji, xammal, infrastruktur, logistika və nəqliyyat imkanları tələb edəcək:
“Enerji və xammal ehtiyatlarına malik, müasir infrastruktur quran, ticarət və logistikanı inkişaf etdirən ölkələr yeni iqtisadi şəraitdən faydalana biləcəklər”, – o bildirib.
Aleem Khanın sözlərinə görə, kiçik və açıq iqtisadiyyatların uğuru üçün düzgün makroiqtisadi siyasət, effektiv idarəetmə, qlobal iqtisadiyyata inteqrasiya, insan kapitalına və yeni texnologiyalara investisiya əsas şərtlərdir:
“Yalnız böyük ölkələr deyil, güclü institutlara və düzgün iqtisadi siyasətə malik, insanlarına və gələcəyin texnologiyalarına sərmayə yatıran inkişaf etməkdə olan iqtisadiyyatlar da yüksək nəticələr əldə edə bilər”, – deyə nazir vurğulayıb.