"Azərbaycan və Qvineya arasında mədənçilik sahəsində əməkdaşlığın inkişafı üçün böyük imkanlar mövcuddur".
Metbuat.az xəbər verir ki, bunu günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Qvineyadan olan nümayəndə Kadiatou Mohameda saytımıza açıqlamasında deyib.
O, forumun xüsusilə Azərbaycanla investisiya əlaqələrini genişləndirmək istəyən Afrika ölkələri üçün əhəmiyyətli platforma olduğunu qeyd edib.
“Bu forum Afrika ölkələri, xüsusilə də mənim ölkəm Qvineya üçün Azərbaycandakı investisiya imkanlarını öyrənmək baxımından çox yaxşı fürsətdir. Burada ölkəmi təmsil etmək mənim üçün böyük xoşbəxtlikdir",- deyə qvineyalı nümayəndə bildirib.
Mohamedanın sözlərinə görə, forum çərçivəsində müxtəlif mövzuların müzakirəsi və ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönələn təşəbbüslər Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrə verdiyi önəmi göstərir.
O, Azərbaycanı xarici investorlar, o cümlədən Afrika ölkələri üçün cəlbedici istiqamət hesab etdiyini vurğulayıb.
Qvineyalı iştirakçı iki ölkə arasında əməkdaşlıq üçün xüsusilə mədənçilik sektorunu fərqləndirib:
“Qvineyada "Simandou layihəsi" mövcuddur və mədənçilik ölkəmiz üçün mühüm sahələrdən biridir. Düşünürəm ki, mədənçilik sektorunda Azərbaycan və Qvineya arasında əməkdaşlıq üçün böyük imkanlar var”.
O əlavə edib ki, mədənçiliklə yanaşı, təhsil və kənd təsərrüfatı sahələri də iki ölkə arasında potensial əməkdaşlıq istiqamətləri ola bilər.