Azərbaycanın səhiyyə sektorunda rəqəmsal transformasiya istiqamətində geniş əməkdaşlıq və investisiya imkanları mövcuddur.
Bunu "GPI Italy" şirkətinin biznesin inkişafı üzrə nümayəndəsi Giulio Bertini forum çərçivəsində Metbuat.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın regiondakı rolunun artması xüsusilə diqqət çəkir:
“Biz səhiyyə sektorunda, xüsusilə informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstəririk. Bugünkü müzakirələrdə səhiyyə mövzusu xüsusi olaraq ön plana çıxmasa da, rəqəmsal transformasiya geniş müzakirə edildi. Düşünürəm ki, bu istiqamətdə Azərbaycanda bizim üçün maraqlı imkanlar var”, - Bertini qeyd edib.
O, Azərbaycanda investisiya potensialı yüksək olan sahələr sırasında logistika və rəqəmsal transformasiyanı xüsusilə qeyd edib.
"GPI Italy" nümayəndəsi belə forumların yeni biznes əlaqələrinin qurulması baxımından mühüm platforma olduğunu da vurğulayıb. Onun fikrincə, bu cür tədbirlər yalnız Azərbaycan şirkətləri ilə deyil, dünyanın müxtəlif ölkələrindən olan biznes nümayəndələri ilə əlaqələrin yaradılmasına imkan verir.
Bertini Azərbaycanı xarici investorlar üçün cəlbedici istiqamət hesab etdiyini bildirib və Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə diqqət çəkib:
“İtaliya Azərbaycanın mühüm tərəfdaşlarından biridir. Düşünürəm ki, birgə investisiyalar və əməkdaşlıq vasitəsilə Azərbaycanın səhiyyə sektorunun inkişafına töhfə verə bilərik”.