“Mercedes” pilotu Corc Rassell Formula 1-də son yarışlarda nümayiş etdirdiyi performans və özünəinamının artması barədə danışıb.

Metbuat.az-ın xüsusi müxbiri xəbər verir ki, britaniyalı pilot mətbuat konfransında mövsüm ərzində üzləşdiyi çətinliklərə baxmayaraq, özünə olan inamını itirmədiyini bildirib.

“Bu il çətin dövrlərdə mənim və yaxından çalışdığım mühəndislər qrupunun göstərdiyi dözümlülüklə fəxr edirəm. Qarşılaşdığımız problemləri aradan qaldırmaq və sürüş tərzimi yeni bolidə uyğunlaşdırmaq üçün çox çalışmışıq. Formula 1-də bunları məşq etmək üçün çox imkan olmur. İndi isə hər şey mənim üçün mövsümün əvvəlindəkindən daha intuitiv alınır”, – Rassell deyib.

“Mercedes” pilotunun sözlərinə görə, özünəinamın artması xüsusilə divarların yaxın olduğu traslarda daha çox risk etməyə imkan verir:

“Özünəinam qazandıqca əyləcləmədə bir qədər də irəli gedə və divarlara daha yaxınlaşa bilirsən. Bu həftəsonu bizim üçün qüsursuz keçdi”.

Rassell çətin dönəmlərdə belə bacarıqlarına şübhə etmədiyini vurğulayıb.

“Mən özümə olan inamımı heç vaxt itirmədim. Tempdən geri qalmağımın müəyyən səbəbləri olduğunu bilirdim. Birdən-birə bolid sürməyi unutmuş deyildim. Yenidən əvvəlki səviyyəmə qayıdacağımı bilirdim, sadəcə səbirli olmaq lazım idi”.

Britaniyalı pilot son yarışlardakı nəticələrinin ona əlavə inam verdiyini də qeyd edib:

“Fasilədən sonra dörd yarış keçirilib. Onların üçündə ön sıradan start götürmüşəm və üç dəfə podiuma çıxmışam. İndi hiss edirəm ki, hər yarış həftəsonunda qələbə uğrunda mübarizə apara bilərəm”.

Rassell qarşıdakı yarışlara da nikbin yanaşdığını, komandanın bolid üçün hazırladığı yeniliklərin performansa müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib. Bununla belə, pilot real irəliləyişin səviyyəsinin yalnız trasda məlum olacağını vurğulayıb.