Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı dövr üçün əsas iqtisadi prioritetlərini açıqlayıb.
Metbuat.az xəbər verir ki, dövlət başçısı II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bərpaolunan enerjinin ölkə üçün əsas prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Prezident qeyd edib ki, Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün böyük potensialı var. Əsas hədəflərdən biri daxili enerji istehsalında təbii qazdan istifadəni mümkün qədər azaltmaq və qənaət olunan ehtiyatları ixraca yönəltməkdir.
“İlk növbədə, bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Günəş və külək stansiyalarının yaradılması üçün potensial var. Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”, – dövlət başçısı deyib.
İlham Əliyev çıxışında Azərbaycanın maliyyə dayanıqlılığına da toxunub. Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici borcu təxminən 20 dəfə üstələyir.
“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”, – Prezident vurğulayıb.