"Azərbaycan qlobal ticarət və enerji axınları baxımından əhəmiyyət qazanan Orta Dəhlizdə mühüm geostrateji mövqeyə malikdir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyə Mərkəzi Bankının keçmiş sədr müavini, Borsa İstanbulun (Stock Exchange) keçmiş rəhbəri Murat Çetinkaya deyib.

O qeyd edib ki, forum beynəlxalq investisiyaların istiqamətləndirilməsi ilə bağlı müxtəlif yanaşmaların və ideyaların bir araya gəldiyi platformadır. Onun sözlərinə görə, Azərbaycan Orta Dəhliz konsepsiyası çərçivəsində mühüm mərkəzlərdən biri kimi diqqət çəkir:

“Dünyada təchizat zəncirləri və enerji axınları ilə bağlı problemlər alternativ marşrutların əhəmiyyətini artırır. Türkiyə coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında körpü rolunu oynayır. Azərbaycana da bu baxımdan mühüm perspektiv açılır və bunun əsas istiqamətlərindən biri Orta Dəhlizdir”, – deyə o bildirib.

Forum iştirakçısının fikrincə, mövcud qlobal ticarət sistemində baş verən dəyişikliklər və yeni alternativ marşrutlara tələbat Azərbaycan üçün əlavə iqtisadi imkanlar yaradır.

O, Azərbaycanın iqtisadi potensialından danışarkən enerji sektorunu və beynəlxalq tranzit marşrutlarını xüsusi qeyd edib:

“Azərbaycanın enerji məsələlərində mühüm yerə sahib olduğunu düşünürəm. Eyni zamanda yeni qlobal tələblərə cavab verən alternativ keçid yollarında da Azərbaycanın əhəmiyyətli mövqeyi var. Burada məsələni yalnız Zəngəzur dəhlizi ilə məhdudlaşdırmaq olmaz. Orta Dəhliz Şərqdən Qərbə və Qərbdən Şərqə uzanan daha geniş bir axındır”.

Türkiyəli iştirakçı əlavə edib ki, bu potensialın reallaşdırılması regional və beynəlxalq tərəfdaşlıq tələb edir. Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə əsas tərəfdaşlarından biri Türkiyədir.

“Azərbaycan bunu təkbaşına həyata keçirə bilməz, tərəfdaşlara ehtiyac var. Ən böyük tərəfdaşlardan biri də qardaş ölkə Türkiyədir”, – deyə o vurğulayıb.