“Formula 1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə (FP2) Lyuis Hamilton və Liam Louson arasında yaşanan təhlükəli epizod Bakının şəhər trasında yeni texniki reqlamentlə bağlı mühüm problemi gündəmə gətirib.
Metbuat.az “Motorsport”a istinadən xəbər verir ki, Louson sürətli dövrədə olarkən qarşısında daha aşağı sürətlə hərəkət edən Hamiltona sürətlə yaxınlaşıb. “Ferrari” pilotu Lousonun yaxınlaşması barədə komandası tərəfindən əvvəlcədən xəbərdar edilsə də, 16–19-cu döngələr arasındakı enerji idarəetməsi səbəbindən bolidlər arasında böyük sürət fərqi yaranıb. Hamilton yarış xəttində qaldığı üçün Louson qazı azaltmağa və yüngül əyləcləməyə məcbur olub. Stüardlar daha sonra Hamiltona töhmət veriblər.
Louson hadisənin yalnız Hamiltonun səhvi kimi qiymətləndirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Hamilton 16-cı döngədən tam qazla çıxarkən aralarında 2–3 saniyə məsafə olub və normal şəraitdə bu kifayət etməli idi. Lakin elektrik enerjisinin istifadəsindəki fərq səbəbindən iki bolid arasında 60–80 km/saat sürət fərqi yarana bilir.
Hamilton da problemin enerji idarəetməsi ilə əlaqəli olduğunu deyib. Yeddiqat dünya çempionunun sözlərinə görə, 18-ci döngəyə çatarkən bolidin elektrik gücü kəskin azalıb və Louson çox qısa müddətdə ona yaxınlaşıb. Hamilton 18 və 19-cu döngələrdə yavaş hərəkətin qarşısını alacaq alternativ həllin tətbiq edilməsini təklif edib.
Məsələ pilotların brifinqində də müzakirə olunub. Alternativ variantlar nəzərdən keçirilsə də, komandalar onları qəbul etməyib. Buna görə də Bakıda FP3 və sıralama turunda əvvəlki qayda qüvvədə qalır: yavaş dövrədə olan pilotlar 16-cı döngədən sonra trasın ən sol hissəsində hərəkət etməlidirlər.