“Ferrari”nin pilotu Şarl Lekler mətbuat konfransında iştirak edərək sıralanma turundakı çıxışını və sabahkı yarışla bağlı gözləntilərini dəyərləndirib.
Metbuat.az xəbər verir ki, Monakolu pilot bildirib ki, trasda maksimum nəticə əldə etmək üçün divarlara çox yaxın sürmək və risk etmək tələb olunur. Lakin bolidin davranışı ona bu riski tam şəkildə götürməyə imkan verməyib.
“Burada çox dəqiq olmalı və divara olan məsafə baxımından böyük risk götürməlisən. Amma bu həftəsonu bunu edə bilmədim, çünki bolid tam olaraq istədiyim kimi reaksiya vermirdi. Bolidin davranışını ümumilikdə proqnozlaşdırmaq mümkün idi və vəziyyət getdikcə yaxşılaşdı, amma yenə də özümə bir qədər daha çox ehtiyat məsafəsi saxlamalı oldum”, – Lekler mətbuat konfransında deyib.
“Ferrari” pilotu sabahkı yarışda Corc Rassel və “Mercedes”lə mübarizə imkanlarına da toxunub.
“Əlimizdən gələni edəcəyik. Corc Rassel və ‘Mercedes’ə qarşı mübarizə aparmağa bunun kifayət edib-etməyəcəyini yalnız zaman göstərəcək. Amma bilirik ki, yarış tempimiz yaxşıdır. Çox vaxt yarışda sıralanma turundan daha güclü oluruq və ümid edirəm ki, sabah da belə olacaq”, – Lekler əlavə edib.