“Fərq, həqiqətən, təəccüblü idi. Sonda yaxşı "slipstream" əldə etdim və bu mənə əlavə təxminən 0,1–0,2 saniyə qazandırdı. Hər şey mükəmməl alındı”.

Metbuat.az-ın "Formula 1" Azərbaycan Qran-prisinə ezam olunmuş müxbiri xəbər verir ki,bunu “Mercedes” komandasının pilotu Corc Rassel mətbuat konfransında sıralanma turundakı çıxışını dəyərləndirən zaman deyib.

O təkər strategiyasından və yarışda gözlədiyi əsas rəqiblərdən danışıb.

Q3-də ilk və son cəhdi arasındakı ciddi zaman fərqini izah edən Rassel həftəsonu boyunca təkərlərlə işləməyin çətin olduğunu vurğulayıb:

“Bu həftəsonu burada təkərlər hamı üçün böyük çətinlik yaradıb. Q3 boyunca yalnız bir təkər dəstindən istifadə etdik. Son dövrəm həmin təkərlərlə üçüncü cəhdim idi. Düşünürəm ki, yalnız ‘Ferrari’ yeni təkər üçün pitə qayıtdı”.

O qeyd edib ki, iki dəst təkərdən istifadə etməyin, yoxsa mövcud təkərlərlə davam etməyin daha doğru olduğunu dəqiq bilmirdilər:

"Mən bildiyimiz strategiyaya sadiq qalmaq istədim. İlk dövrəmin ən yaxşı nəticə olmayacağını bilirdim, çünki avtomobildə daha çox yanacaq var idi. Bu tras böyük öhdəlik və inam tələb edir. Ona görə əvvəlcə etibarlı bir nəticə qeydə almaq istədim”, – Rassel əlavə edib.

Son dövrdəki performansının onun üçün dönüş nöqtəsi olub-olmaması barədə suala “Mercedes” pilotu belə cavab verib:

“Bunu mütləq dönüş nöqtəsi adlandırmazdım. Amma bu həftəsonu indiyədək hər şey mükəmməl gedib. Komandamla birlikdə məhdudiyyətləri aradan qaldırmaq üçün çox çalışmışıq. Fasilədən sonra performansımız nəticələrin göstərdiyindən xeyli yaxşı olub. Son dörd yarışda üç dəfə ön sıradan start əldə etmişik və bundan çox məmnunam”.

Rassel yarışda sıralanma turundakı qədər böyük üstünlüyə sahib olacağını gözləmədiyini də bildirib. O, xüsusilə Maks Verstappenin ciddi rəqib olacağını düşünür:

“Əlbəttə, fərqin bugünkü qədər böyük olacağını gözləmirəm. Dünənki məşqlərə baxanda Verstappen ən böyük təhlükə kimi görünürdü. Düşünürəm ki, o, müəyyən qədər trafiklə üzləşdi. Alonso isə sonda sarı bayraq səbəbindən nəticəsini yaxşılaşdırmaq şansını itirdi”.

Rassel “McLaren”in Q3-dəki tempinin də diqqətini çəkdiyini bildirib:

“McLaren Q3-ün əvvəlində böyük sürpriz etdi. Onlar birinci və ikinci yerlərdə idilər və bu, gözlənilməz idi. Amma məncə, Verstappen yarışda ciddi təhlükə yaradacaq”.