“Beş dövlət Konvensiyada Xəzər dənizinin hərbiləşdirilməməsinə qarant verdi”

Xəbər verdiyimiz kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, bu Konvensiya üzərində 20 ildən çoxdur iş gedir: “Beş dövlətin xarici işlər nazirlərinin müavinləri uzun illərdi bu Konvensiya üzərində işləyirdi. Konvensiyanın 5 dövlət üçün böyük əhəmiyyəti var.

Birincisi, bunun siyasi əhəmiyyəti var. Xəzər dənizinin hərbiləşdirilməməsi üçün, Xəzər dənizində digər dövlətlərin hərbi hissələrinin olmaması üçün 5 dövlət Konvensiyada buna qarant verdi. Yəni, 5 dövlətdən başqa digər dövlətlər Xəzər dənizindən hərbi məqsədlər üçün istifadə edə bilməz. Bu çox böyük əhəmiyyət kəsb edir.

İkincisi, Xəzər dənizinin ekoloji cəhətdən təmiz olması üçün həmin Konvensiyada müəyyən maddələr qəbul olunub. Dövlətlər Xəzər dənizinin ekologiyasının qorunması üçün addımlar atırlar. Necə ki, Azərbaycan da bu şəkildə mühüm addım atır.

Üçüncüsü isə, Xəzər dənizində çoxlu nərə balığı yetişdirilir və bundan istifadə edilir. Ona görə də bunun daha da genişləndirilməsi və istifadəsi üçün də belə addımlar atılır”.

Millət vəkili qeyd edib ki, Xəzər dənizində neft-qazın çıxarılması ilə bağlı ciddi problem yox idi. Yalnız İranla Türkmənistan arasında müəyyən mübahisələr var idi ki, bu da danışıqlar yolu ilə öz həllini tapırdı: “Biz həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərini həyata keçirən dövlət olduğumuz üçün Konvensiya bizim üçün böyük əhəmiyyət kəsb edir. Hətta ola bilər ki, Xəzər dənizinin dibi vasitəsilə Türkmənistan qazının TANAP və TAP layihəsi vasitəsilə Avropaya çıxarılması da gündəmə gələr. Yəni, Konvensiyanın imzalanması çox vacibdir. Bu Konvensiya bir daha onu göstərdi ki, 5 dövlət arasında ümumiyyətlə Xəzər dənizinin qorunub saxlanması üçün ciddi addımlar atılacaq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR