"Onun yeri həbsxanadır..."

Ermənistanda politoloqlar və siyasi şərhçilər sabiq ölkə prezidenti Robert Koçaryanın azadlığa buraxılmasını həm təqdir ediblər, həm də "köhnə hakimiyyətin təzyiqinin hələ də mövcud olduğunu" iddia edərək etiraz ediblər. Bəziləri isə hadisəni "Moskva amili" ilə əlaqələndirib.

Metbuat.az-ın məlumatına görə, Yerevan Apellyasiya Məhkəməsi avqustun 13-də cənab Koçaryan barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətini təmin edib.Robert Koçaryan barəsində birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirini dəyişmək haqqında qapalı proses avqustun 9-da başlayıb və iki gün davam edib.Daha əvvəl Ermənistan Baş Prokurorluğu 40-dan çox Ermənistan millət vəkillərinin eks-prezident Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməmişdi.

Köçəryanın vəkilləri Apellyasiya Məhkəməsinin qərarından razı qaldıqlarını bildiriblər, məhkəmədən sonra vəkil Ruben Sahakyan jurnalistlərə deyib.

Robert Koçaryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur.Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.Yerevan birinci instansiya məhkəməsinin qərarı ilə Robert Koçaryan iyulun 27-də iki ay müddətinə həbs olunmuşdu.Robert Koçaryan, vəkilləri və bəzi siyasi xadimlər onun siyasi təqibə məruz qaldığını iddia edirlər.

2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət almışdı.

Toxunulmazlıq statusu

Vəkil Ruben Sahakyan məhkəmənin qərar çıxararkən sabiq prezidentin toxunulmazlıq statusuna əsaslandığını bildirib.

"Heç bir şəxs öz vəzifə borcunu yerinə yetirərkən və vəzifəsini tərk etdikdən sonra öz statusundan irəli gələn hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə Robert Koçaryanın toxunulmazlığını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv edib, vəkillərin şikayətini təmin etdiyini bəyan edib", - Ruben Sahakyan deyib.

Lakin digər hüquqşünaslar bu prinsipin ağır cinayətlərə aid olmadığını qeyd edirlər.Daha əvvəl Ermənistan İctimai Televiziyasına müsahibəsində Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan toxunulmazlıq prinsipinin eks-prezident Koçaryana şamil olmadığını demişdi.Onun sözlərinə görə, 2008-ci ildə qüvvədə olan konstitusiyasında da prezidentin "statusundan irəli gələn fəaliyyəti ilə bağlı" toxunulmazlıq nəzərdə tutulurdu.

"Lakin bu gün ikinci prezident xüsusilə ağır cinayət kimi təsnif edilən hərəkətlərdə ittiham olunur... - konstitusiya üzrə Ermənistan Respublikasında hakimiyyət xalqa məxsusdur. Hakimiyyətin hər hansı təşkilat, yaxud şəxs tərəfindən mənimsənilməsi ağır cinayət hesab edilir", - Sasun Xaçatryan deyib.

"Qeyri-qanuni qərar"

Xüsusi İstintaq Xidməti (XİX) Apellyasiya Məhkəməsinin Koçaryanın həbsdən azad edilməsi qərarını qeyri-qanuni hesab edir, XİX mətbuat xidməti bəyan edib.

"Apellyasiya Məhkəməsi öz səlahiyyətindən kənara çıxıb. Ümid edirik ki, Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət təqdim edər. Çünki Apellyasiya Məhkəməsinin qərarını qeyri-qanuni hesab edirik", - bəyanatda deyilir.

Prokurorluğun mətbuat xidməti Apellyasiya Məhkəməsinin qərarını aldıqdan sonra kassasiya şikayəti vermək məsələsinin müzakirə ediləcəyini bildirir.

"Onun yeri həbsxanadır"

"Ərik ölkəsi" partiyasının lideri Zaruhi Postancyan hesab edir ki, Koçaryanı azad etmək yox, "onun 10 illik prezidentliyi dövrdə törətdiyi bütün cinayətlərə görə ittihamlar təqdim edilməlidir", məhkəmənin qərarı elan edildikdən sonra xanım Postancyan jurnalistlərə deyib.

Partiya fəalları məhkəmə binasının önündə "Koçaryanın yeri məhbəsdir" şüarları ilə aksiya keçirirdi.

Postancyanın sözlərinə görə, Koçaryan 10 illik prezidentlik dövrünün "ilk günündən ölkə qanunlarını pozub: insan haqları, söz azadlığı qanunun aliliyi prinsipi... seçkilər saxtalaşdırıb, strateji mühüm obyektləri satıb".

"Belə bir insanın azad edilməsi, ona növbədənkənar parlament seçkiləri ərəfəsində siyasi proseslərə müdaxilə imkanı verilməsi dövlətçiliyimiz və ölkəmizin təhlükəsizliyinə məhvedici təsiri olar", - Postancyan hesab edir.

"Adekvat qərar"

Bir sıra Koçaryanın tərəfdarları ilə Apellyasiya Məhkəməsi yanında olan Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov hesab edir ki, Koçaryanın "həbsdə qalması adekvat olmazdı".

"İkinci prezident [Koçaryan] barəsində həbs qətimkan tədbirinin əsaslandırılması ən azı müammalıdır. Çünki görünməmiş haldır ki, sabiq prezidenti şahid kimi dəvət edib, yarım saat içində deyirlər: sən müttəhimsən və həbs edirlər", - jurnalistlərə Şarmazanov deyib.

O, yeni hakimiyyət tərəfindən keçmiş hakimiyyət nümayəndələrinin təqib edilməsi təmayülləri müşahidə olduğunu qeyd edir.

"Siyasi təqib və qisas müşahidə olunmur"

Erməni Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan Apellyasiya Məhkəməsinin qərarını məhkəmənin sərbəst və hakimiyyətin təzyiqi olmadan işlədiyini güman etməyə əsas verir.

"Ən azı, bu cinayət işini Robert Koçaryana qarşı siyasi təqib və qisas kimi qiymətləndirənlər, gördülər ki, yeni hakimiyyət məhkəmə sisteminə təzyiq etməmək vədinə sadiqdir. Əks təqdirdə, məhkəmə vəkillərin vəsatətini rədd edib, Koçaryanın həbs qətimkan tədbirini dəyişməzdi", - Ruben Mehrabyan BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, bu, misli görünməmiş haldır, çünki "məxməri inqilabdan əvvəl" (2018-ci il may ayından əvvəl) heç vaxt, "elə Koçaryanın prezidentliyi dövrdə məhkəmənin belə hökm çıxarmasını təsəvvür etmək belə mümkün deyil".

"Digər tərəfdən, məhkəmə hökmünün köhnə hakimiyyətin təzyiqi nəticəsində qəbul etməsi ehtimalını da istisna etmək olmaz".

"Bu, çox narahatedici haldır. Əslində bu gün də istintaq-məhkəmə sistemində eyni prokuror, müstəntiq və hakimlər işləyir. Koçaryanın şikayətinə baxan Apellyasiya Məhkəməsinin hakimi (Aleksandr Azaryan) vaxtilə bir neçə il Koçaryanın tabeliyində işləyib", - Mehrabyan mülahizə edir.

"Moskva amili"

Politoloq Koçaryanı həbsdən azad edilməsinə "xarici amil təsiri"nin mümkünlüyünü də istisna etmir."Məhkəmənin qərarına Ermənistanda keçmiş rəsmilərə qarşı cinayət işlərinin qaldırılması ilə bağlı Rusiyanın reaksiyası da səbəb ola bilərdi".Söhbət avqustun 1-də Rusiya xarici işlər naziri Sergey Lavrovun "Ermənistanda yaranmış vəziyyət və yeni ölkə rəhbərliyinin hərəkətləri ilə bağlı" bəyanatından gedir.

Lavrov yeni Ermənistan rəhbərliyinin "öz sələflərinə qarşı siyasi təqiblərdən imtina etmək haqqında bəyanatlarına zidd" hərəkət etdiyini bəyan edib.O, baş verənlərin "MDB məkanında Ermənistanın da üzv olduğu, təşkilatların normal fəaliyyəti baxımından" Rusiyanı narahat etdiyini bildirib.Mehrabyanın sözlərinə görə, Ermənistan rəhbərliyi Lavrovun bəyanatından sonra özünü "olduqca ləyaqətli saxlayıb"... "Lakin bu [məhkəmənin Koçaryanı buraxmaq haqqında qərarı], Moskvanın "narahatlığı" ilə bağlıdırsa, bu, birdəfəlik güzəştdir, yoxsa ardı da mümkündür?". //BBC Azərbaycanca

İŞIQ PULU çox gəlir? - Qənaət etmək istəyənlər, bu əşyalara DİQQƏT! / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR