Mehriban Əliyevanın yeni köməkçiləri kimlərdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daha iki köməkçisi təyin edilib.

Metbuat.az Prezident Administrasiyasının saytına istinadən xəbər verir ki, həmin şəxslər Emin Hüseynov və Xalid Əhədovdur. Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir. O, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb.

Tələbəlik illərindən bank sektorunda işləməyə başlayan Xalid Əhədov daha sonralar professional fəaliyyətə keçib. O, 1999-cu ilin martında «Bank of Baku»-da pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələrində çalışıb. Ardınca - 2005-ci ildə “Bank of Baku”-nun idarə heyəti sədrinin müavini işləyib.

2012-ci ildə “Unibank”da icraedici komitənin üzvü, 2015-ci ildə “Unibank”ın icraçı direktoru vəzifəsini tutub. 2016-da “Bank Standard”ın baş direktoru, daha sonra (yenə 2016) "Azər Türk Bank"da İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi vəzifəsində çalışıb.

2017-ci ilin yanvarından “Beynəlxalq Bank"ın İdarə Heyətinə sədr gətirilib. 2018-ci ilin martında isə "Beynəlxalq Bankı"n səhmdarlarının ümumi yığıncağında bu postdan ayrılaraq, bankın Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

Birinci vitse-prezidentin digər köməkçisi Emin Zamin oğlu Hüseynov isə 12 noyabr 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alan Emin Hüseynov 2014-cü ildəAli Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

O, 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı, 2001–2003-cüillərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtisadçı işləyib. 2003-2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı, 2005 - 2007-ci illərdə Milli Bankda Tədqiqatlar departamentinin direktoru, 2007 – 2008-ci illərdəMilli Bankda Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdə Mərkəzi Bankda Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı vəzifələrində çalışıb.

2010 – 2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın baş direktoru olub. 2013–2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında Strategiya və inkişaf məsələləri üzrə prorektor, 2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor vəzifələrini tutub.

2016-cı ilin mart ayında Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü təyin edilib. Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Hüseynov maliyyə nazirinin müavini təyin olunub. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR