“Bu səfər regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq”

“Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açıb”

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, bu səfəri ilin hadisəsi kimi də dəyərləndirmək olar: “Bu səfər iki nöqteyi-nəzərdən diqqəti cəlb edir. İlk öncə, Azərbaycan və Rusiya prezidentlərinin birgə səyləri sayəsində avqustun 12-də Aktau şəhərində 22 ildir ki, həllini tapmayan Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalandı. Məhz bu Konvensiyanın imzalanmasından sonra artıq Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrlər üzrə inkişafı üçün yeni şərait yaranıb. Sentyabrın 1-də baş tutan səfər də məhz bu Konvensiyanın imzalanmasından sonra həyata keçirildiyi üçün özəl məna və əhəmiyyət kəsb edir.

Bu səfərin digər bir əhəmiyyəti isə odur ki, 2008-ci ilin iyul ayında "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” qəbul edilib. Həmin sənədin on illiyi tamam olub. Bu Bəyannamənin əsası ulu öndər Heydər Əliyevin 1997-ci ildə Rusiyaya səfəri ilə qoyulub. O zaman Azərbaycan ilə Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanıb.”.

Elman Nəsirov bildirib ki, dövlət başçısının səfəri zamanı imzalanan sənədlər həm kəmiyyət, həm də keyfiyyət baxımından diqqəti cəlb edir: “Səfər zamanı on beş mühüm sənəd imzalanıb ki, onlar içərisində də xüsusilə “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”nı qeyd etmək olar”.

Millət vəkili bildirib ki, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq məsələləri genişlənməkdədir: “2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumu xüsusi qeyd olunmalıdır. Oktyabr ayında Bakıda VI Forum keçiriləcək. Rusiyada 11 mindən çox azərbaycanlı təhsil alır. Azərbaycanda isə rus dilində təhsil verən 340-dan çox məktəb mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakterlidir. Ölkələrimizin prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə dinamizm verir. Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında danışıqlar prosesində həm də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər xüsusi diqqət mərkəzində saxlanıldı. Rusiya prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək verəcəyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdiddir”.

Millət vəkili bildirib ki, səfər çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz və geniş spektrli məsələlər diqqət mərkəzində saxlanılıb: “Bütövlükdə artıq həm Rusiya, həm də Azərbaycan mətbuatında bu səfərə çox yüksək qiymət verilir. Bu səfər Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonrakı inkişafı, regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR