“Qarabağ məsələsində Rusiyanın daha çox Azərbaycanı dəstəkləməsi istiqamətində vəziyyətin inkişafı istisna olunmur”

“Rusiya ilə hərbi-texniki sahədə gələcək əməkdaşlığı müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxışında deyib. Prezident İlham Əliyev eyni zamanda qeyd edib ki, ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın səyləri davam edəcək: “Müzakirə etdiyimiz məsələlər arasında regional təhlükəsizlik məsələləri, ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”. Putin isə qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Rusiya bizim strateji tərəfdaşımızdır və münasibətlərimiz getdikcə yüksəlməyə doğru gedir: “Rusiya ilə bütün istiqamətlərdə olan münasibətlərimiz daha da inkişaf edir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzərlə bağlı mühüm Konvensiya imzalanıb. Bundan əlavə, Rusiya silah almağımız üçün əsas bazar olaraq qalır. Bununla bağlı prezident İlham Əliyev Rusiyaya səfəri zamanı fikirlərini səsləndirib və miqdarı da açıqlayıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyev Rusiyadan bundan sonra da silah almağın davam edəcəyini, bunun daha da genişləndiriləcəyini bildirib. Bildiyimiz kimi, Rusiya hərbi sənayesi dünyada ən inkişaf edən iri hərbi sənayelərdən biridir. Rusiya ilə hərbi əməkdaşlığın genişləndirilməsi vacibdir. Bilirik ki, Rusiya hərbi sahədə həm hərbi-elmi, həm hərbi-texniki, həm də hərbi-peşə sahəsində böyük tarixə malik olan dövlətdir. Azərbaycan üçün inkişaf etmiş, tarixdə öz sözünü demiş, hərbi sənaye və digər hərbi məsələlərlə bağlı dünyada aparıcı yerlərdən birini tutmuş Rusiya ilə hərbi əməkdaşlığın faydası böyükdür.

Digər tərəfdən, bu gün Ermənistanla Rusiya arasında problemlərin görüntüsü hiss olunur. Təbii ki, bu vəziyyətdə Azərbaycanın Rusiya ilə daha da yaxınlaşmasının Qarabağ məsələsində də müsbət rol oynayacağına inanıram. Azərbaycan Rusiyaya nə qədər yaxın olsa, o qədər də Rusiyanın Qarabağ məsələsində Azərbaycanın tərəfində olma ehtimalı çoxalır. Nikol Paşinyanın bugünkü siyasəti fonunda bu məsələ daha da mühüm yer tutur”.

Hərbi ekspert bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin səmimi dostluq münasibəti var: “Düşünürəm ki, bütün bunların hamısının kompleks şəkildə Azərbaycanla Rusiya münasibətlərinin inkişafında özünəməxsus yeri var. Bilirik ki, Paşinyan hökuməti artıq Amerikapərəstliyi və Qərbpəsətliyilə seçilməyə başlayıb. Bu geosiyasi fonda Rusiya ilə Ermənistanın münasibətlərinə baxdıqda, Rusiya ilə Azərbaycanın daha yaxın olması ölkəmizin xeyrinədir. Rusiya da bilir ki, Azərbaycan silah almaqda etibarlı və imkanlı dövlətdir. Təbii ki, Rusiyanın hərbi sənayesinin istehsal etdiyi hərbi texnikanın və silah-sursatın Azərbaycana gətirilməsinin Rusiya üçün də faydası var. Azərbaycan-Rusiya və Ermənistan-Rusiya münasibətlərini müqayisə etsək, bu gün Azərbaycan-Rusiya münasibətləri artıq Ermənistan-Rusiya münasibətlərini üstələyib. Görüşlər, sazişlər, imzalanan sənədlərin sayı və prezidentlərin öz aralarında olan isti münasibətləri bizə bunu deməyə imkan verir. Prezident İlham Əliyev Rusiya prezidenti cənab Putinlə görüşəndə təbii ki, Dağlıq Qarabağ məsələsini də müzakirə edib. Fikrimcə, Qarabağ məsələsində Rusiyanın daha çox Azərbaycanı dəstəkləməsi istiqamətində vəziyyətin inkişafı istisna olunmur. Azərbaycan-Rusiya münasibətləri nə qədər çox inkişaf etsə, ölkəmiz üçün bir o qədər xeyirlidir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu səfər regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR