“Azərbaycan Rusiya üçün digər böyük bazarlara çıxış yolunda mühüm ölkədir”

“Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrimiz çox fəal inkişaf edir”.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib. Putin bildirib ki, 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb:

“Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir”.

Prezident İlham Əliyev isə bildirib ki, iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik: “Müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”.

Dövlət başçısı qeyd edib ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir: “Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır.

Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

Prezident bildirib ki, bu gün neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalandı: “Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir. Çox yaxşı potensial və perspektivlər var. Vladimir Vladimiroviç Azərbaycanda bir sıra mühüm nəqliyyat, infrastruktur, sənaye layihələrinin həyata keçirilməsində Rusiya banklarının fəal iştirakını qeyd etdi. Biz bunu çox alqışlayırıq”.

Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, iqtisadi cəhətdən Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün böyük və ənənəvi bazardır: “Bizim qeyri-neft məhsulları ixracının 35-%-ə yaxını və kənd təsərrüfatı məhsulları ixracının 90%-ə yaxını Rusiyaya ixrac olunur. İxrac potensialının artması perspektivi böyükdür və Azərbaycan sahibkarları bundan getdikcə daha çox istifadə edəcəklər.

Azərbaycan isə Rusiya üçün digər böyük bazarlara çıxış yolunda mühüm ölkədir. Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya- Şərq iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları və Azərbaycanın bu ölkələrlə uğurlu siyasi və iqtisadi münasibətləri Rusiya üçün çox cəlbedicidir və mühüm imkandır. Eyni zamanda Avropa Birliyi bazarlarına hər iki ölkənin qaz ixracı imkanları Rusiyaya Azərbaycanla bu mühüm bazarda əməkdaşlıq etməyə sövq edir.

Bütün bu nüanslar isə Rusiya və Azərbaycan iqtisadi münasibətlərinin bərabəqhüquqlu, qarşılıqlı fayda gətirən və inteqrasiya oluna bilən münasibətlər olduğunu deməyə imkan verir. İmzalanan çox saylı və çox sahəli müqavilələr isə hər iki ölkə üçün iqtisadi cəhətdən mühüm perspektivlər vəd edir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu səfər regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq” – Elman Nəsirov

“Qarabağ məsələsində Rusiyanın daha çox Azərbaycanı dəstəkləməsi istiqamətində vəziyyətin inkişafı istisna olunmur” – Şair Ramaldanov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR