Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Report" İnformasiya Agentliyinin qonağı olub.
Xorvatiyalı mütəxəssis agentliyin fəaliyyəti ilə tanış olub. Baş redaktor Murad Əliyev "Report"un fəaliyyətindən danışarkən agentlikdə idman sahəsinə, xüsusilə futbola mühüm diqqət ayrıldığını qeyd edib. Agentliyin üç dildə fəaliyyət göstərdiyini xatırladan M.Əliyev Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı barədə xəbərin bir çox xarici nəşrdə, o cümlədən Xorvatiya mətbuatında da məhz "Report"a istinadən dərc edildiyini vurğulayıb.
Yığmanın baş məşqçisi dəvətə görə minnətdarlıq ifadə edərək bildirib ki, Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən biri də mətbuat nümayəndələri ilə sıx işləməkdir. R.Prosineçki qeyd edib ki, ölkədə idmana geniş marağı nəzərə alaraq bu sahədə operativ məlumat yayılması vacibdir.
Qeyd edək ki, görüşdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da iştirak edib.



