Play Store

Qələmlərin qələmi qırılıb

Qələmlərin qələmi qırılıb
18:17 23 Aprel 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

Klaviaturaya keçid qələmə olan marağı yox edir
Bir vaxtlar qələm ən dəyərli hədiyyə sayılırdı. Müxtəlif formalı, dizaynlı, fərqli rəngli və yazma forması olan qələmlər müxtəlif qiymətə olduğundan hər kəsin cibinə uyğun olurdu. Zaman keçdikcə gümüş, qızıl, brilyant daşlı, üzərinə ad yazdırılmalı qələmlər dəbə gəlsə də, onların da ömrü uzun olmadı. Klaviaturanın yazma rahatlığı qələmlərə olan marağı da yox səviyyəsinə endirdi. Hazırda qələm verilə biləcək hədiyyələr sırasında sonda gəlir desək yanılmarıq.

İlk qələm 1888-ci ildə ABŞ-da Con Loud tərəfindən ixtira olunub. Bu gün istifadə etdiyimiz diyircəkli qələmləri isə ilk dəfə 1940-cı ildə Cosef Laslo və Georq Biro icad ediblər. 1943-cü ildə həmin qələmin satışı üçün ilk nümunələr hazırlanıb. 1945-ci ildə onlar Nyu-Yorkda satışa çıxarılıb. Bu zaman alıcıların sayı o qədər çox olub ki, hətta işə polislər cəlb olunub. Bir gün ərzində 10 min qələm satılıb. Amma bu, müştəriyə baha başa gəlib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əməkhaqqısı dəyərində olub. Günümüzdə bu cür bahalı qələmlər də mövcuddur. Əhalinin isə yazmağa marağı olmadığından bahalı qələm almaq fikri də olmur.

Qələm hobbisi olan Ayan Nəsirova birinci sinifdən bu yana istifadə etdiyi qələmləri saxlayır. Dediyinə görə, 12 ildə 640 qələm toplayıb: "Mənim üçün qələmin yerini heç nə ala bilməz. Yazmaq insanı psixoloji sakitləşdirir. Qələmləri toplamaq isə mənə zövq verir. Kolleksiyama çox pul verib almaq istəyənlər var. Amma o pulu 1 qələmə verən yoxdur. Mənə ən dəyərli hədiyyə qiymətindən asılı olmayaraq qələmdir. Özüm də hədiyyəni belə alıram".

Qələm, sadəcə, yazmaq üçün bir vasitə deyil. Dünyada qələmlərin olduqca böyük həvəskarları var. Auksionlarda bir qələm üstündə aparılan mübarizələr 1 dəqiqə içində milyonların xərclənməsinə səbəb olur. Müxtəlif dəyərli daşlardan ibarət olan qələmlərin sahibi olmaq istəyənlər az deyil. Ümumiyyətlə, ən bahalı qələm "bənövşəyi dünya" adı verilən və üzəri brilyantlarla bəzədilmiş qələmdir. 1500000 dollar qiymət qoyulan qələmin sahibi hələ ki, yoxdur. "Top 10"luqda sonuncu yerdə qərarlaşan qələmin qiyməti isə 19000 dollardır.

Azərbaycanda isə bu cür qələm həvəskarları demək olar ki, yoxdur. Xüsusi iş yerlərinin, otellərin və bu kimi məkanların özlərinə məxsus qələmləri istisna olmaqla adi qələmlərə hörmət edib saxlayan çox az adam mövcuddur. 20 qəpikdən başlayaraq satılan qələmlərin dəyəri də elə qiyməti kimi aşağıdır.

Dizayner Ramin Əliyev deyir ki, texnologiyanın inkişaf etməsi bu cür əşyalara olan marağı öldürür və bu təbii haldır. Hətta kompüterlərdə belə əl yazısı mövcuddur və standart, səliqəli əl yazısını qoyub heç kim öz əli ilə nəyisə yazmaq fikrinə düşməz. Məktub dövrü olmadığından, eləcə də universitet və məktəblərin "kserokopiya" kimi bir xilaskarı ola-ola insanların qələm ilə saatlarını xərcləyib nəyisə yazması gülünc görünər: "Qələmə, ümumiyyətlə, ehtiyacım olmur. Düşünə bilmirəm ki, indiki dövrdə qələmdən nə üçün istifadə edərlər. Sadəcə imza atmaq üçün lazımlı olan qələm qısa bir müddət sonra ona belə ehtiyac olmayacaq. Elektron imza sayəsində qələmlərə tələb daha da öləcək. Qələm artıq ibtidai sinif üçün yazmağı öyrənmək məqsədi ilə lazım olacaq. Hazırda kompütrlərdə əl yazıları şrifti mövcuddur ki, qətiyyən insan yazısından seçilmir. Məncə, hər işi kompüter və printer daha səliqəli gördüyü halda qələmə vaxt itirmək lazım deyil".

Günümüzdə qələmlər yazmaqdan çox digər məqsədlərlə də istifadə olunur. Məsələn, qələmlər ən yaxşı reklam üsuludur. Qələm üzərinə vurulan müxtəlif firmanın adı və ya məhsulu əldən-ələ paylanılaraq ən gözəl tanıtma vasitəsi kimi istifadə olunur. Eləcə də, hər hansı bir şirkəti ziyarət edərkən ən çox bağışlanılan hədiyyə promo qələmlərdir. Bu məhsul ən çox şirkətlər tərəfindən müxtəlif seminarlar, promo-aksiyalar, yarmarkalar, sərgilər və digər marketinq tədbirlərində istifadə olunur. Promo qələmlər əsasən üzərində loqo çap edilən metal və plastik əsaslı, diyircəkli olurlar. Loqotipin çapı qələmin forma və səhindən asılı olaraq tampon, ipək və lazer çapı vasitəsilə olur.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR