Toydakı sərxoş kimi diqqət çəkən "qaraxəbər" saytlar

Toydakı sərxoş kimi diqqət çəkən "qaraxəbər" saytlar
19:42 23 Aprel 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Ekspertlər bu yolu tutanların insanların psixologiyası ilə oynamalarına qarşıdırlar
Əhalinin cəmiyyətdə gedən proseslərlə bağlı doğru xəbərlə təmin edilməsi mətbuatın üzərinə düşür. Bu isə böyük məsuliyyət deməkdir. Son vaxtlar isə insanlar xəbər əldə etmək üçün mətbuatla yanaşı, sosial şəbəkələrdən də istifadə edirlər. Cəmiyyətdə söz sahibi olan, doğru xəbərləri verən mətbuat orqanları ilə yanaşı, bu sahədə heç bir nüfuza sahib olmayan və İP xətrinə xəbər yazan saytlar da var. Belə saytlar isə əhalinin cəmiyyətdə gedən proseslərə marağından istifadə edərək yanlış xəbər yazmaqla, heç bir əsası olmayan iddia irəli sürməklə oxucu qazanmağa çalışırlar.

Bu cür yanlış və təşviş yaradan “qaraxəbərçilik” insanları bəzən daha çox özünə çəkməyə başlayır. Belə xəbərləri oxuyanlar isə kimə və nəyə inanacaqlarını bilmirlər. Yazılan hər hansı əsassız iddia belə sosial şəbəkələr vasitəsilə çox tez yayılır və insanlar arasında fikir qarışıqlığı formalaşdırmış olur. Psixoloq Elnur Rüstəmov deyir ki, bu gün psixoloji problemlərin, narahatçılıqların artmasının bir səbəbi də yalan və əsassız informasiyaların cəmiyyətə ötürülməsidir: “Bəzən dördüncü hakimiyyətin adından yalan-doğru nə gəldi yazıb qara piar aparırlar, insanlarda çaşqınlıq yaradırlar. Bu məsələnin hüquqi məsuliyyəti var. Amma ictimai qınağın da formalaşması yaxşı olardı”.

E.Rüstəmov deyir ki, son zamanlar manat və dollar məsələsi insanların həssas mövzusuna çevrildiyi üçün bu sıradan əsassız xəbərlər daha çox yayılmaqdadır: “Dolların qalxıb enməsi ilə bağlı hansısa xəbərləri ekspert rəyi kimi təqdim edirlər. Əgər biri desə ki, dollar beş manat olacaq, hamı ona inanmağa başlayır və bir ay ondan danışırlar. İctimai şüuru yanlış yönləndirmək isə bu zaman baş verir. Ona görə də xəbərləri verərkən diqqətli olmaq lazımdır. Doğru olmayan xəbərlər insanlarda narahatçılıq, çaşqınlıq yaradır. Yaxud da ki, Meksikanın hansısa bir əyalətində müəllimlə şagird arasında hər hansı xoşagəlməz hal yaranıb. Bizim saytlar bunu yazıb, başlığa çıxarırlar. Çünki bu məsələ insanların həssas yeridir. Amma insanların psixologiyası ilə oynamaq olmaz. Belə xəbəri ötürməklə cəmiyyətimizə nə vermiş oluruq axı? Meksikalılar bu haqda məlumatlıdırlarmı? Bəzən elə şeyləri xəbər kimi təqdim edirlər ki, dərininə qədər araşdırsan bəlkə də elə bir şey olmayıb. Kimdir onu araşdıran? Bu kimi hallar insanlara psixoloji sarsıntı, ümidsizlik, gərginlik verir”.

E.Rüstəmov deyir iki, əsassız iddialı xəbərlərin çox oxunması sərxoş adamın toyda daha çox diqqət çəkməsinə bənzəyir: “Toyda ən çox diqqəti kim çəkir? Təbii ki, içib özünü apara bilməyən. Mətbuatda da eyni vəziyyətdir. Beş normal sayt xəbəri olduğu kimi çatdırır, biri isə əsası olmayan iddialar irəli sürür. Bu xəbər doğru olmasa da, yəni, toydakı sərxoş kimi bir müddət insanların diqqətini çəkir”.

Psixoloqun sözlərinə görə, insanlar bu cür xəbərlərə inanmasalar da, xəbərin oxunması belə onların psixoloji tarazlıqlarının pozulmasına səbəb olur: “İnsanlar hər yazılan məlumata inanırlar. Sadəcə olaraq, o məlumatlar onları tarazlıqdan çıxarır, çaşqınlıq vəziyyətinə salır. Ona görə də bu cür hallarda ictimai qınağın olması vacibdir. Bəzən hər hansı məmurun, cəmiyyətdə söz sahibi olan insanın haqqında elə xoşagəlməz məlumatlar yazırlar ki... Axı bu, doğru deyil. Düşünürəm ki, bu istiqamətdə addımlar atılmalı, problemlə medianın özü mübarizə aparmalıdır. Hər hansı həssas mövzu olduqda kütlə hər şeyə inanır. Ona görə də bu cür məqamlarda jurnalist işi xüsusi yanaşma tələb edir”.

Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud isə bildirdi ki, bu gün mediada bir bum yaranıb. Bir neçə il əvvəl qəzetlərlə bağlı qeyri-peşəkarların çoxalması müşahidə olunurdusa, indi bu tendensiya saytlarla bağlı yaşanmaqdadır: “Onların məqsədi hansısa xəbərçilik funksiyasını həyata keçirmək deyil. Kiminsə sifarişi ilə oturub-durmaq, kimisə vurmaq, pul almaq, “reketlik” etmək kimi min cür məqsədlə sayt açıla bilər. Təəssüf ki, orada çalışanlara da jurnalist deyirlər. Bu, nə Azərbaycan mediasının, nə də fərdlərin günahı deyil. Sadəcə olaraq, bir keçid prosesidir. 10 il öncə Azərbaycanda sarı mətbuat, “reket qəzetlər” dəbdə idi, amma indi elə bir problem. demək olar, yaşanmır. İndi də yeni saytlar o vaxtkı abı-havanı yaradır. Bilmirsən hansı məqsədə xidmət edirlər, kimə işləyirlər, necə işləyirlər. Buna təbii baxmaq lazımdır. Yaxın bir neçə il ərzində prosesin tam şəffaf mərhələyə qədəm qoyacağını düşünürəm. Kim əsl mediadırsa, yaşamaq haqqı varsa, əsl jurnalistikaya xidmət edirsə, bazarda onlar özlərini qoruyub saxlaya biləcəklər”.

E.Ərud onu da bildirdi ki, yazılan materiala baxanda asanlıqla onun sifarişlə yazılmasını və ya peşəkar şəkildə təhlil edilməsini təyin etmək olur. Amma “qaraxəbər” saytlar cəmiyyətdə söz sahibi olan mətbuat orqanlarının işinə maneçilik də törədir: “Mən Qafqazinfo.az saytının rəhbəriyəm. Başqa bir nəfər də “Qafqaznews” adında sayt açır. Hansısa idarəyə zəng edəndə də “Qafqazdanam” deyir. Belə olanda onların ağıllarına ilk gələn “Qafqazinfo” olur. Son bir-iki ildə mənə bir neçə adam zəng edib deyib ki, sizin agentlikdən bir nəfər zəng etmişdi, filankəsin işini xahiş edirdi, yaxud nəsə istəyirdi. Deyirəm mənim əməkdaşım elə şey edə bilməz, biz ciddi xəbər portalıyıq. Deyir “Qafqaznews” sizin deyil? Bu problem tək Azərbaycanda deyil, hər yerdə var. Amma aşağı səviyyəli saytlar əsl medianın probleminə çevrilə bilməz. Əsl media öz nüfuzunu hər zaman qoruyub saxlayır”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR