“Bu, artıq sonuncu ölüm-dirim savaşı olacaq”

Ermənistan Milli Məclisinin sentyabrın 12-də keçirilən fövqəladə iclasında Ermənistan ərazisində başlayan “Şant-2018" (İldırım 2018") komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana rəsmən ”müharibə elan edilməsi haqqında" qərar qəbul olunub.

Metbuat.az xəbər verir ki, Ermənistanda 11 sentyabrdan “Şant-2018" komanda-qərargah təlimləri keçirilir. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakterlidir və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbçi ekspert Şair Ramaldanov deyir ki, bu, şərti təlimdir, ancaq müharibə elan etmək olmaz, çünki biz onsuz da müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, sadəcə bu formada davam edir:

“Mülki qurumların, nazirliklərin iştirakı ilə təlimlər keçirməklə onlar planları bir də nəzərdə keçirirlər və dəqiqləşdirirlər. Azərbaycanda da istər güc, istərsə də digər nazirliklər, bütün qurumlar fövqəladə hallarda və müharibə zamanında lazım olan xüsusi planları vaxtaşırı dəqiqləşdirir və lazım olan düzəlişləri edir. Bu o deməkdir ki, hansısa ssenari üzrə təlimlər keçirir. Ermənilərin “Azərbaycana müharibə elan edirik” sözləri isə sadəcə populist ifadələrdir. Bilirik ki, Nikol Paşinyan və onun hakimiyyəti populist ifadələrlə gündəmə gəliblər və öz işlərini də bu formada qururlar.

O ki qaldı təlimlərin Ermənistan mətbuatında bu cür işıqlandırılmasına bu daha çox daxili auditoriyaya hesablanmış məlumatdır ki, guya Ermənistan artıq Azərbaycanla müharibə etməyə hazırdır. Təlimin bu cür müharibə ssenarisində keçirilməsinin də səbəbi var. Paşinyan hakimiyyəti indiyə qədər sual altındadır, çünki hələ də istədiyini həyata keçirə bilməyib. Bir neçə gün əvvəl Rusiyaya səfərində Paşinyana deyiblər ki, axtarışları, yoxlamaları, həbsləri dayandırsın. Paşinyan milyardların büdcəyə qaytarılmasına söz vermişdi, ancaq o məsələ də axsayır. Bu olmadığı təqdirdə və Serj Sarkisyanın Qarabağ klanının Ermənistanda hələ də böyük nüfuza malik olduğunu nəzərə alsaq, Paşinyanın hakimiyyətdə qalmaq şansı sual altında qalır. Belə olduğu üçün erməni rəhbərliyi hansısa təxribata əl ata bilər. Azərbaycan tərəfi bu təxribata adekvat cavab verəndən sonra bu artıq digər hadisələr kimi olmayacaq. Bu, artıq sonuncu ölüm-dirim savaşı olacaq.

Bugünkü vəziyyətə, güc nisbinə, geosiyasi və siyasi vəziyyətə görə, Rusiya ilə Ermənistan arasında olan müəyyən soyuqluğu nəzərə alaraq deyə bilərik ki, bu fonda təbii ki, üstünlük Azərbaycan tərəfdədir. Müharibə bitməyib və hər hansı təlim həmişə hansısa irimiqyaslı təxribatlara yol aça biləcək amildir. Ermənilər bu təlimi keçirməklə planları uzlaşdırırlar, düzəlişlər edirlər, bu isə təbii iş prosesində olan vəziyyətdir”.

Günay Elşadqızı / METBUAT.AZ

"Azərbaycan Ordusunun ilk döyüşçülərinin şücaəti və qanı bahasına..." - polkovnik Abdulla Qurbani


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR