“Bakının azad edilməsi Azərbaycan dövlətinin qurulmasının açarı idi”

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Azadlıq meydanında Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı möhtəşəm parad keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli lider Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” fəlsəfəsinin, eyni zamanda Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, və əbədi olduğunun daha bir sübutu idi.

Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, bu parad həqiqətən də Azərbaycan-Türkiyə dostluğu üçün ən önəmli hadisələrdən biridir: “Hesab edirəm ki, bu, Azərbaycan tarixində bəlkə də ən möhtəşəm bayram tədbiridir. Biz bunu Azərbaycan olaraq həm türk əsgərinə vəfa borcu olaraq yerinə yetirdik, həm də tariximizə sayğı üçün. Hesab edirəm ki, hər bir azərbaycanlı bu tarixi hər il ayrıca bir ruh yüksəkliyi ilə qeyd eləməlidir, çünki bu bizim əslində qələbə günümüzdür. Bildiyiniz kimi, faşizm üzərində qələbə çox tez-tez qeyd olunur, əslində isə əsl faşizm üzərində qələbə bizim qələbəmizdir. Bu, erməni faşizmi üzərində qələbədir. Çünki bu qələbə olmasaydı, indi Azərbaycan dövləti və paytaxtı yox idi və Azərbaycanın gələcəkdə müstəqil dövlətə çevrilmə perspektivi üçün də müəyyən problemlər yarana bilərdi.Çünki o zaman paytaxtsız dövlətin özünü tanıtma imkanları da olmayacaqdı.

Təsəvvür edin ki, biz Paris Sülh Konfransına getmişik, paytaxtımız Gəncədə kiçik bir bölgədən ibarət Azərbaycan idi. Bu halda biz nə edə bilərdik? Ona görə də Bakının alınması həyati əhəmiyyət daşıyırdı və Azərbaycan dövlətinin qurulmasının açarı idi. Bu baxımdan Azərbaycan prezidenti də bu tədbiri çox yüksək səviyyədə keçirdi, çox gözəl çıxış elədi və Azərbaycan xalqının həqiqətən də bu tarixə verdiyi önəmi bu çıxışda dolğun ifadə elədi. Ona görə də hər bir azərbaycanlı bu tarixi artıq bizim ən böyük bayran tariximiz kimi qeyd eləməlidir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi əməkdaşlıq da yüksək səviyyədir: “Dövlət başçıları da çıxışlarında bu fikirləri bir daha qeyd etdilər. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq daha da inkişaf edir. Bu parad birgə münasibətlərimizin ən gözəl nümunələrindən biri idi. Heç bir ölkə arasında bu cür yaxın münasibətlər mövcud deyil.

Paradda Türkiyə prezidenti Rəcəb Ərdoğanın da qeyd etdiyi kimi bizim hərbçilərimizlə Türkiyə hərbçiləri birgə təlimlərdə, uçuşlarda iştirak edirlər. Bunlar intensiv proqram üzrə həyata keçirilir. Hərbçilərimiz eyni zamanda Türkiyənin NATO-da keçirdiyi təlimlərdə də iştirak edir. Əsgərlərimiz Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində də birlikdə fəaliyyət göstərirlər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Həyatımda qeyri-adiliklər çox olub” - Müşfiq Ələsgərli ilə MÜSAHİBƏ - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR