Yunus Oğuz: "Prinsiplərimizdən geri durmadıq"

Yunus Oğuz: "Prinsiplərimizdən geri durmadıq"
12:12 24 Aprel 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

“Olaylar” İnformasiya Agentlyi və “Olaylar” qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarındandır.

Bunu Trend-ə “Olaylar” qəzetinin baş redaktoru və “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz rəhbərlik etdiyi media qurumunun yaranmasının 20 illiyi ilə bağlı açıqlamasında deyib.

Y.Oğuz deyib ki, 1995-ci ilin aprelin 24-də “Olaylar” müstəqil media aləminə daxil oldu: ""Olaylar" adını təsadüfi seçmədik. O zaman xəbər, məkan adları bildirən mətbu orqanlar çox idi. İstədik fərqli və milli olsun. İlk prinsipimiz “Dövlət, millət, əxlaq” şüarı idi. 20 illik fəalliyətimiz dövründə bu prinsiplərə əməl etdik. Hətta ən çətin məqamlarımızda belə biz bu meyarları əldə rəhbər tutduq. “Olaylar” qəzeti ötən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qaldı, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etdi, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərdi. "Olaylar" qəzeti o mətbu orqanlardandır ki, "KİV Haqqında Qanun"a və "Jurnalistlərin peşə davranış qaydaları"na tam şəkildə əməl edir, içtimai, siyasi proseslərdə baş verən hadisələri obyektiv şəkildə ictimaiyyətə çatdırmağa çalışır".

"Dünya azərbaycanlılarının tribunasına çevrildik"

Y.Oğuz bildirib ki, “Olaylar” qəzeti və İnformasiya Agentliyi xəbər məkanında daim öndə oldu: "Xəbərlərimiz Azərbaycan, rus və ingilis dillərində dünyanın əksər ölkələrinə yayımlandı. Əsas işimiz xəbər istehsalı və yayımı olsa da, milli məfkurəni ön planda tutduq. “Olaylar” qəzeti bu illər ərzində dünyada yaşayan Azərbaycan türklərinin əsas tribunasına çevrilməyi bacardı. İran, İraq, Rusiya, Gürcüstan, Türkiyədə yaşayan azərbaycanlılar “Olaylar” qəzetini öz doğma mətbu orqanı bildi. “Olaylar” qəzeti dünya azərbaycanlılarının haqq bağıran səsi oldu".

"Gənc yazarlar üçün məktəb"

Baş redaktorun sözlərinə görə, milli mövqedə olmaqla bərabər peşəkarlıq məsələləri də arxa plana keçirilməyib: ""Olaylar" qəzetinin əsas prinsipi obyektivlik, çeviklik və dürüstlük oldu. Qəzet peşəkar jurnalist kadrlarının yetişdirilməsində mühüm rol oynayıb. Hansı ki, bu kadrlar bu gün müxtəlif qəzetlərdə, saytlarında çalışmaqla Azərbaycanda mətbuatın inkişafına mühüm töhfələr verirlər. “Olaylar” qəzeti Azərbaycan mətbuatının tarixində ilk dəfə olaraq gənc jurnalist kadrların hazırlanmasında və təcrübə toplamasında töhfəsini verib. 90-cı illərdə “Olaylar” qəzetinin redaksiyasında gənc jurnalistlər məktəbi fəaliyyət göstərirdi. Bu gün Azərbaycan mətbuatının ünlü simalarından bir çoxu həmin məktəbin məzunları olublar. Əminəm ki, hər zaman haqqın, ədalətin carçısı rolunda çıxış edən "Olaylar" qəzeti bundan sonra da öz prinsipindən dönməyəcək, amalı ancaq dövlətə və milli maraqlara xidmət etmək olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR