Qara Qarayev müasir musiqi festivalında multimedial opera nümayiş olunub

Qara Qarayev müasir musiqi festivalında multimedial opera nümayiş olunub
12:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalında daha bir əsərin təqdimatı aprelin 23-də Gənc Tamaşaçılar Teatrında gerçəkləşib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, teatrın səhnəsində Vladimir Tarnopolskinin “Kölgənin o tərəfində” (“Jenseits der Schatten”, 2006) multimedial operası nümayiş olunub. Yeni Musiqi Studiyası Ansamblının (Rusiya) təqdim etdiyi tamaşanın dirijorları İqor Dronov və Fuad İbrahimov olub.

Opera 2006-cı ildə Betxoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb. Əsərin ssenarisi bəstəkar V.Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun “Mağara haqqında əfsanə” və Pliniusun “Təsviri incəsənətin yaranışı” haqqındakı əfsanəsinə əsaslanır. Platon bizim yaşadığımız dünyanı mağara kimi, bütün insanları isə bu mağaranın məhbusları kimi təsvir edir. Məhbuslar yalnız mağaranın divarında həqiqi dünyadan gələn işığın əks etdirdiyi əsrarəngiz kölgələri görürlər. Bu kölgələri məhbuslar həqiqi dünya kimi qəbul edirlər. Öz əfsanəsi ilə Platon bizə görünənlər və həqiqi dünya arasında mövcud uçurumu ifadə edir.

Pliniusun təsvir etdiyi başqa əfsanəyə görə kölgə təsviri incəsənətin proobrazı kimi çıxış edir. Bir qız müharibəyə yollanan sevgilisinin kölgəsinin ətrafını cızmaqla təsadüfən rəsm yaradır. Beləcə təsviri incəsənət yaranır.

Operanın dramaturgiyası iki xəttin paralel inkişafında qurulub. Birincisi üç sənət alleqoriyası (qadın triosu) ilə təmsil olunur. İkinci xətt mağaranın məhbuslarıdır (kişi triosu), onların proobrazları kimi Rodinin Kölgələr heykəlinin (Cəhənnəm qapıları) fraqmenti çıxış edir. Multimedial opera tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Qara Qarayev VI Müasir Musiqi Festivalı aprelin 24-də başa çatır. Festivalın bağlanışı saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2387579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR