30 tona yaxın məhsul keyfiyyətsiz olduğu üçün builki bal yarmarkasına buraxılmayacaq

Sabahdan başlayaraq oktyabrın 28-dək Bakıda bal yarmarkası keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkasında təşkilati məsələlərə Kənd Təsərrüfatı Nazirliyi (KTN), keyfiyyət məsələlərinə isə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baxacaq. Konfransda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bildiribnki, arıçılıq məhsullarının artıq 19-cu satış sərgisi keçiriləcək:

“Kənd Təsərrüfatı Nazirliyi əvvəlki illərdə həm təşkilati işlərə, həm də onun keyfiyyətinə cavabdehlik məsuliyyəti daşıyırdı. Bu il isə əvvəlki illərdən fərqli olaraq ancaq təşkilatı məsələlərə cavabdehlik daşıyır. Əvvəlki illərdən fərqli olaraq bu il müstəqil qurum olan Azərbaycan Arıçılar Assosiasiyasını da arı məhsullarının satış yarmarkasında bərabərhüquqlu üzv kimi seçmişik.Bu o deməkdir ki, artıq bizim yerlərdən gələn arıçıların siyahısı ilə bərabər, həmin şəxslərin həqiqətən arıçı olub-olmadığını müəyyənləşdirmək üçün Azərbaycan Arıçılar Assosiasiyasının da rəyləri nəzərə alınıb. Bugünkü məlumata görə, respublika üzrə 371 sahibkardan 150 tona kimi bal daxil olub. Onlardan isə 5 tonu çərçivə balıdır”.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə deyib ki, əvvəlki yarmarkalardan fərqli olaraq bu il rəhbərlik etdiyi qurum sərgi-satışda tərəfdaş qismində çıxış edəcəklər: “Hər zaman keçirilən bal yarmarkasında köməyimizi əsirgəməmişik. Yerlərdə arıçıların seçilməsi, siyahıların təsdiq olunmasından tutmuş bugünkü gün burda yerlərin verilməsi, paylanmasına qədər köməyimizi əsirgəmirik. Kənd Təsərrüfatı Nazirliyi bu il yarmarkaya daha fərqli yanaşmağı planlaşdırır. Bu il bir növ festival xarakterli yarmarka olacağı gözlənilir. Qida Təhlükəsizliyi Agentliyi də bu analizlərə daha diqqətli yanaşıb”.

Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev isə qeyd edib ki, bu il arıçıların gətirdiyi bütün arıçılıq məhsulları ciddi şəkildə müvafiq standartlara uyğun ekspertizadan keçirilib: “Heç kimdə şübhə yaranmaması üçün və bizim əməkdaşların arıçılarla təmasını aradan qaldırmaq üçün yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılıb və arıçılar məhsulunu yarmarkanın anbarına təhvil veriblər. Arıçı oranı tərk etdikdən sonra onun iştirakı olmadan AQTA-nın əməkdaşları vasitəsilə nümunələr götürülüb. Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında analiz olunub. Analizin nəticələri sərginin əsas təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. Keyfiyyətə cavab verməyən məhsullar ayrı mühafizə olunan anbara toplanıb. Bu məhsulların yarmarkanın satış paviliyonuna çıxarılmağına imkan verilməyəcək.

Qeyd edim ki, sentyabrın 20-dən ötən günə qədər 3974 nümunə arıçılıq məhsulları içərisində 900-ə qədəri keyfiyyət tələblərinə cavab verməyib. Keyfiyyət tələblərinə cavab verməyən məhsulun ümumi həcmi təqribən 30 tona yaxındır. Eyni zamanda, götürülən nümunələrdən həm də Milli İstinad Laboratoriyasında şahid nümunə saxlanılıb. Kiminsə etirazı olarsa, orada təkrar yoxlama gedə bilər. Yarmarkanın keçirilməsində məqsəd ondan ibarətdir ki, arıçı il boyu istehsal etdiyi məhsuluna bazar tapsın.

Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti bununla yekunlaşmır. Bundan sonra biz, yarmarkada əlaqədar qurumlarla, o cümlədən Kənd Təsərrüfatı Nazirliyilə birlikdə müzakirələr, təhlillər apararaq problemlərin nədən ibarət olduğunu müəyyənləşdiricəyik. Növbəti illərdə hansı tədbirləri görməyimizi də müəyyən edəcəyik. Yarmarkaya məhsul təqdim edən, amma məhsulu keyfiyyət göstəricisinə cavab verməyən adamlarla da iş aparılacaq, onların təsərrüfatlarına baş çəkəcəyik. Onların məhsullarının hansı şəraitdə, necə istehsal etdiklərini təhlil edəcəyik. Ola bilsin adam cəhd edir ki, çox keyfiyyətli məhsul istehsal etsin, nədəsə səhv edir. Biz arıçının yanında olmalıyıq ki, onun səhvlərini aradan qaldıraq və arıçının məhsulu keyfiyyət normalarına tam cavab versin”.

Mətbuat konfrasında çıxış edən KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran bildirib ki, KİVA 1948-ci ildə Hollandiyada qurulan 3-cü tərəf müstəqil sertifikasiya təşkilatıdır. Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında 3-cü tərəf qismində çıxış edirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov bildirib ki, KİVA nümayəndələrinin bura dəvət edilməsində məqsəd ondan ibarətdir ki, ekspertiza nəticələrindən sonra müəyyən olunmuş keyfiyyətsiz və saxta balları anbarlara təhvil verən şəxslərin etirazları olarsa, 3-cü tərəf olaraq KİVA-ya müraciət edib yenidən onun ekspertizasını həyata keçirə bilərik: “Onlar bir neçə gün bizimlə birgə bal yarmarkasının keçirilməsində də iştirak edəcəklər. Müraciətlər olarsa, həmin müraciətlərin qəbulu və ümumi müraciətlərin baxılması həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanda 271682 arı ailəsi mövcuddur və hər arı ailəsinin illik məhsuldarlığı orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3 min tondur. Bu ilin 1 yanvar statistikasına görə, bal istehlakı 5 min tondur. Ən çox arı ailəsi Zaqatala (17097), Astara (12429), Qax (9125), Lerik (8669) və Balakəndədir (8581).

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR