Azərbaycan KİV-lərinin rəhbərləri Sverdlovsk vilayətindən olan həmkarları ilə görüşüblər

Azərbaycan KİV-lərinin rəhbərləri Sverdlovsk vilayətindən olan həmkarları ilə görüşüblər
17:18 24 Aprel 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Əziz Məmmədov, AZƏRTAC
Aprelin 24-də Bakıda Azərbaycan KİV-ləri rəhbərlərinin Rusiya Federasiyasının Sverdlovsk vilayətindən olan həmkarları ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan tərəfini “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov, “Novosti-Azerbaydjan” agentliyinin baş direktoru Vüqar Xəlilov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə, “Trend” agentliyinin baş redaktoru Vaqif Şərifov və başqaları təmsil ediblər. Rusiya tərəfindən görüşdə Sverdlovsk vilayətinin əsas mətbu orqanı olan “Oblastnaya qazeta”nın baş direktoru Dmitri Polyanin, APİ (Siyasi İnformasiya Agentliyi) informasiya agentliyinin direktoru Aleksandr Andreyev, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin vilayət filialının direktoru İrina Şukina, www.E1.ru saytının baş redaktoru Rinat Nizamov və başqaları iştirak ediblər.
Görüşdə bildirilib ki, Azərbaycanda KİV-lər sahəsində vəziyyət bir çox ölkələrdən daha uğurludur. Çünki müxalifətdə olan mətbu KİV-lər bəzən elə materiallar dərc edirlər ki, həmin qəbildən materiallara görə başqa ölkələrdə onların həmkarlarını məsuliyyətə cəlb edirlər. Ölkədə medianın inkişafına qayğı göstərilir, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. İki il əvvəl 150-dən çox jurnalistin yeni binada mənzillə təmin olunması, KİV işçiləri üçün ikinci binanın tikintisinin başa çatması buna bariz nümunədir. Mənzillə təmin olunan jurnalistlər arasında müxalif KİV-lərin də nümayəndələri var.
Azərbaycan jurnalistlərinə peşə fəaliyyəti ilə bağlı təzyiqlərin olması barədə Qərb KİV-lərinin yazılarına toxunan yerli media rəhbərləri vurğulayıblar ki, bu iddialar əsassızdır və çox güman, burada söhbət 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən qabaq olduğu kimi, birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan məqsədyönlü kampaniyadan gedir.
Konstruktiv diskussiya və səmimi söhbət şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlərə də toxunulub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_KIV_lerinin_rehberleri_Sverdlovsk_vilayetinden_olan_hemkarlari_ile_gorusubler-849488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR