Çanaqqala zəfəri türk və Azərbaycan xalqlarının birliyinin, igidliyinin və məğlubedilməzliyinin parlaq rəmzidir

Çanaqqala zəfəri türk və Azərbaycan xalqlarının birliyinin, igidliyinin və məğlubedilməzliyinin parlaq rəmzidir
18:13 24 Aprel 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 24 aprel, AZƏRTAC
Çanaqqala zəfəri türk və Azərbaycan xalqlarının birliyinin, igidliyinin və məğlubedilməzliyinin parlaq rəmzidir. Onun 100 illiyini təkcə qardaş xalqlarımız deyil, bütün türk dünyası qeyd edir. Bu sözləri Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ölkəmizin Kiyevdəki diplomatik nümayəndəliyində bu əfsanəvi döyüşün 100 illik yubileyinə həsr olunmuş tədbirdə Türkiyə kinematoqrafçılarının “Çanaqqala-1915” bədii filminə baxışdan əvvəl səsləndirib.
Böyük döyüşlərdən və işğalçılar üzərində parlaq qələbələrdən biri kimi tarixi salnamələrə daxil olan bu döyüşdən ətraflı söz açan səfir xatırladıb ki, bu savaşda təqribən üç min azərbaycanlı həlak olub. O vurğulayıb ki, Çanaqqala döyüşünün nəticəsi türk və Azərbaycan xalqlarının əzmkarlığını möhkəmləndirib. Diplomat dünya ermənilərinin türk və Azərbaycan xalqlarına qarşı münasibətdə təbliğat terroruna, onların qondarma “erməni soyqırımı” ilə bağlı böhtanlarına qarşı mübarizəni əlaqələndirməyə çağırıb.
Türkiyənin Ukraynadakı səfiri Yonet Can Tezel bildirib ki, türk xalqı sonrakı hərbi əməliyyatların taleyini həll etmiş və Birinci Dünya müharibəsinin gedişatına təsir göstərmiş Çanaqqala döyüşündə türk ordusu sıralarında döyüşən və qəhrəmanlıqla həlak olan Azərbaycan oğullarının misli görünməmiş hünərini həmişə dərin minnətdarlıq hissi ilə xatırlayacaq. İki ölkə arasında tarixi qohumluq və qardaşlıq münasibətlərini xarakterizə edən Türkiyə səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını səsləndirib.
Sonra “Çanaqqala-1915” filminin nümayişi olub.
Tədbirdə türk dövlətlərinin Kiyevdəki səfirliklərinin nümayəndələri, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərliyi və fəalları, Ukrayna ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHanaqqala_zeferi_turk_ve_Azerbaycan_xalqlarinin_birliyinin_igidliyinin_ve_meglubedilmezliyinin_parlaq_remzidir-849515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR