Baxdım Alp Aruza...

Baxdım Alp Aruza...
11:49 13 Yanvar 2015
238 Sosial
Ölkə mətbuatı
A- A+

- Baxdım Alp Aruza, baş kəsib, qan töküb, ad qazanıb. Baxdım Qarabudağa, baş kəsib, qan töküb, ad çıxarıb. Sənə baxdım, on səkkiz yaş yaşadın, baş kəsmədin, qan tökmədin! – minnətini eşidir atası Qazan xandan Tural.

“Dədə Qorqud” filmindən bu kəlmələri kim xatırlamır ki?

Oğlunu gül-çiçək toplayan, qızlarla xoş ünsiyyət quran, hər kəsə mülayim davranışlı görən Qazan xan bu xasiyyətləri ona yaraşdırmır, dörd bir yandan hər an yağı basqını təhlükəsi olan yurdun oğul övladını baş kəsən, qan tökən, ad çıxaran görmək istəyir.

Xarakterləri və situasiyaları zamanın o üzündən indiki günümüzə transfer etməyə çalışsaq, bənzər mənzərə canlana bilər nəzərimizdə.

 

Müharibəsi bitməyən, atəşkəs dövründə belə hər gün düşmən həmləsinə qarşı dayanan, torpaqları işğal altında olan ölkənin ataları da oğullarını sosial şəbəkələrdə qızlara gül rəsmləri paylaşan, flaşmoblarda rəqs edən, kitab-qəzet aludəçisi olaraq görməyi sevmirlər, onların da tənəsi, minnəti olur:

 

- Baxıram Filankəsin oğluna, pul qazanır, maşın alır, arvad saxlayır, baxıram Bəşmənkəsin oğluna, pul qazanır, maşın alır arvad saxlayır. Sənə baxıram, on səkkiz  yaşındasan elə bil, pul qazanmadın, maşın almadın, arvad saxlamadın!

 

Düzünü desək, dərinə getsək, görərik ki, müharibəsi bitməyən, atəşkəs dövründə belə hər gün düşmən həmləsinə qarşı dayanan, torpaqları işğal altında olan ölkənin qadınları da kişilərini sosial şəbəkələrdə başqa kişilərin qadınlarına şeirlər qoşmaqdan, şəxsi çat söhbətlərində bir üzlə, ictimai açıq müzakirələrdə başqa sifətlə görməkdən beziblər və əslində oğullarına bu tənələri edən ataların da başlarının üstündə hər gün yağı düşmən qılıncı kimi enməyə hazır arvad minnəti dayanır:

 

- Baxıram Filankəsin arvadına, əri ona qızıl alır, şuba alır, maşın alır, baxıran Bəşmənkəsin arvadına, əri ona qızıl alır, şuba alır, maşın alır. Mənə baxıram, on səkkiz yaşımdan sənlə can çürüdürəm, qızıl almırsan, şuba almırsan, maşın almırsan...

 

Bəli, günümüzün reallığı budur.

Bu reallığın fonunda isə hər gün rəsmi və qeyri-rəsmi media evlərimizə, beyinlərimizə, təhtəlşüurumuzun ən gizli və mental zərrələrinə özünün xaosu ilə nüfuz edir.

Elə həmin sosial şəbəkələrdəki oğlanların başını tovlaya bilir ən müxtəlif dini, siyasi və digər səpkilərdə fəaliyyət göstərən radikal, qeyri-radikal cərəyanlar, insan alveri, narkotik aləmi, oğru dünyası.

Elə həmin sosial şəbəkələrdəki kişilərin gözlərini alır aparır hər gün yüzlərlə, minlərlə 18+, zor, edam, qəza səhnələri, beyinlərini alışdırır özünə, özündəki yırtıcılığa, insana, insanlığa qarşı zülmə.

Elə həmin Filankəslərin, Bəşmənkəslərin qadınları çevrilir ilk qurbanlara – başları kəsilir, qanları tökülür, adları çıxır.

 

Heç bilirsiz ki, elə bu günlərdə Lənkəran Dövlət Dram Teatrında Yeni il, Şaxta baba, Yolka şənlikləri ilə əlaqədar kiçik yaşlı məktəblilərə “Əlibaba və qırx quldur” nağıl-tamaşası təqdim olunanda o zalda nələr baş verirdi?

Mən təsvir edim, siz təsəvvür.

Demək, Əbu Həsən adlı quldurbaşı odun dalınca meşəyə gedən Əlibabanın və bir böyük zal dolusu azyaşlı məktəblinin gözləri qarşısında öz quldur həmkarlarını xəncərləyib öldürür.

Daha sonra isə, həmin quldurlar Əlibabanın evində öldürülür.

Epizod belədir: Əlibaba hər iki əlində qılıncla dayanıb, sağında və solunda isə əsir götürülən quldurlar dizləri üstə çökdürülüblər, başları qılınc tiyələrinin altında yerə əyilmiş haldadır, sanki indicə bu qılınclar bu başları bədənlərindən ayıracaq və onlar səhnəyə, oradan da tamaşaçı zalına yuvarlanacaq. Tanış səhnədir, hə? Biz hər gün bu cür səhnələri sosial mediada görürük, xoflanırıq, öyrəşirik və s.

 

Mən narahat oldum və fikirləşdim ki, bu barədə mütləq sevimli teatrımın heyətinə bildirməliyəm, axı burada tamaşaçılar azyaşlı uşaqlardır və onlar üçün mənəvi travmadır bu cür səhnə?!

Heyhat!

Həmin azyaşlı uşaqlar bilirsizmi nələr bağırırdılar zaldan səhnəyə?

- Başlarını kəs, Əlibaba, başlarını kəs! Öldür onları, öldür!!!

Oğlanlı-qızlı, birnəfəsə, xorla bağırırdılar.

 

Necə deyərlər, sındı qol-qanadım, yanıma düşdü...

Evə gəlməzdən öncə görüşüb çay içdiyim və bu fikirləri bölüşdüyüm rəfiqəmsə mənə bu tənəni etdi:

- Ehh... Baxıram Filankəs yazara, yazı yazır, tərcümə edir, kitab çıxarır, baxıram Bəşmənkəs yazara, yazı yazır, tərcümə edir, kitab çıxarır. Sənə baxıram...

 

P.S. Amma vallah, billah, hər şeyin sonu gələndə yenidən həyat şansını da, həyata davam etimadını da Tural qazanır – baş kəsmir, qan tökmür, ad çıxarmır deyə...

Sizə nə olub axı ?!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR