Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 100 milyard dolları ötəcəyi gözlənilir.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar Sarı Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

Onun sözlərinə görə, hazırda TDT ölkələri arasında qarşılıqlı ticarətin həcmi təxminən 53 milyard dollar təşkil edir. Bununla belə, təşkilata üzv ölkələrin dünya ilə ümumi ticarət dövriyyəsi 650 milyard dolları ötür.

“Qarşılıqlı ticarət ümumi ticarətin cəmi 8 faizinə bərabərdir. Müqayisə üçün, Avropa İttifaqında bu göstərici 60–65 faiz, ASEAN ölkələrində isə təxminən 23 faizdir”, – Yaşar Sarı bildirib.

O, Orta Dəhlizin iqtisadi əhəmiyyətinin də sürətlə artdığını vurğulayıb. Bildirib ki, Ukraynadakı müharibədən əvvəl bu marşrutla daşınan yüklərin həcmi təxminən 1 milyon ton idisə, hazırda 4 milyon tonu keçib.

“Dünya Bankının proqnozlarına əsasən, 2030-cu ildə daşımaların 11 milyon tona çatması gözlənilir. Hazırda tranzit müddəti 18–24 gündür, 2030-cu ilədək isə bunun 10–12 günə endirilməsi nəzərdə tutulur”, – o qeyd edib.

Yaşar Sarı əlavə edib ki, Mərkəzi Asiyanın titan, mis, volfram və uran kimi kritik mineral ehtiyatları Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır.