Smartfon alarkən istifadəçilər əsasən kamera, prosessor, ekran və batareyanın imkanlarına diqqət yetirirlər. Lakin cihazın sonradan nə dərəcədə asan təmir oluna bilməsi də seçim zamanı nəzərə alınmalı vacib amillərdəndir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ İctimai Maraqlar Araşdırma Qrupunun (PIRG) Education Fund təşkilatının hazırladığı 2026-cı il “Failing the Fix” hesabatında smartfon və noutbukların təmirolunma imkanları qiymətləndirilib.

Araşdırmada cihazların sökülməsinin asanlığı, ehtiyat hissələrinin əlçatanlığı, təmir sənədlərinin mövcudluğu, proqram təminatına dəstək və istehsalçıların təmir siyasəti kimi meyarlar nəzərə alınıb.

Nəticələrə görə, qiymətləndirilən smartfon markaları arasında Motorola B+, Google C-, Samsung D, Apple isə D- qiyməti alıb.

Beləliklə, hesabatda əsas smartfon markaları arasında Apple ən aşağı nəticəni göstərib. Samsung da D qiyməti ilə siyahının sonlarında yer alıb.

Hesabatda Apple şirkətinə məxsus iPhone cihazlarının təmirində bir sıra texniki məhdudiyyətlərə diqqət çəkilib. Xüsusilə cihazların sökülməsini çətinləşdirən konstruksiya, xüsusi vintlər, hissələrin bir-biri ilə uyğunlaşdırılması və bəzi hallarda proqram təminatı ilə bağlı məhdudiyyətlər tənqid olunub.

Bununla belə, hesabatda Apple-ın son illərdə cihazların təmir imkanlarını genişləndirmək üçün müəyyən addımlar atdığı da qeyd edilib.

Samsung-un aşağı nəticə göstərməsində isə cihazların sökülməsi, ehtiyat hissələrinə çıxış və təmir prosesindəki texniki məhdudiyyətlər əsas amillər sırasında göstərilib.

Mütəxəssislər bildirirlər ki, telefon seçərkən yalnız texniki göstəricilərə deyil, cihazın uzunmüddətli istifadəsinə və təmir imkanlarına da diqqət yetirmək lazımdır.

Qeyd edək ki, hesabatdakı qiymətləndirmə marka üzrə ümumi göstəricini əks etdirir. Buna görə də eyni markanın bütün modellərinin təmir çətinliyi eyni olmaya bilər.