Şotlandiyanın qərb sahillərində yerləşən nəhəng Hildasay adası satışa çıxarılıb. Adanın qiyməti isə ərazisinin böyüklüyünə baxmayaraq, kifayət qədər aşağıdır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Şetland adalarının qərb sahillərində yerləşən Hildasay adası 350 min funt sterlinqə, yəni təxminən 786 min 310 manata satışa çıxarılıb.
267 akr ərazini əhatə edən adaya yalnız dəniz yolu ilə getmək mümkündür. Hildasayın öz iskələsi, geniş sahil xətti və iki şirin su gölü var. Adanın ən yüksək nöqtəsi isə 32 metrdir.
Hazırda adada daimi yaşayış yoxdur. Ərazidə yalnız əsas ehtiyaclar üçün istifadə olunan ənənəvi daş daxma yerləşir. Bununla belə, ada zəngin təbiəti ilə diqqət çəkir. Burada müxtəlif quş növlərinə və dəniz canlılarına rast gəlmək mümkündür.
Hildasay təbii gözəlliyi ilə yanaşı, tarixi keçmişi ilə də seçilir. XIX əsrdə ada mühüm sənaye məntəqələrindən biri olub.
1891-ci ilin məlumatlarına görə, həmin dövrdə adada təxminən 30 nəfər yaşayırdı. Sakinlərin əsas gəlir mənbələri balıq emalı və qranit daşlarının çıxarılması olub.
Adadan çıxarılan qırmızı-yaşıl rəngli xüsusi qranit daşları dəmir yolu ilə limana daşınıb və hətta Avstraliyaya ixrac edilib. Həmin dövrdən qalan qranit blokları və dəmir yolu izləri bu gün də adada qorunur.
Hildasay adası COVID-19 pandemiyası zamanı da diqqət mərkəzinə düşüb. Britaniyalı macəraçı Kris Lyuis Böyük Britaniyanın sahil xətti boyunca piyada səyahət edərkən karantin məhdudiyyətləri ilə üzləşib.
Xüsusi icazə alan Lyuis iti ilə birlikdə adadakı yeganə evdə qalaraq karantin müddətini burada keçirib. O, sonradan həmin hadisələri kitabında da təsvir edib.
Hazırda adanın satışı ilə məşğul olan əmlak şirkəti Hildasayı təbii xüsusiyyətləri və tarixi keçmişi qorunub saxlanılan nadir mülk kimi təqdim edir.