Qobustana tutulan güzgü

Tarix üzrə elmlər doktoru, professor Vidadi Muradovun "Azərbaycan xalçaları" jurnalının 27-ci sayında "Qobustan gündəliyi" adlı elmi-populyar məqaləsi olduqca maraq doğurduğundan bu barədə bəzi mülahizələrimizi bildirmək istərdik. İlk növbədə qeyd edək ki, zəngin elmi mənbələrə, həmçinin yerli tədqiqatçıların araşdırmalarına əsaslanaraq yazılan məqalənin dili axıcı və sadə oxucuya əlçatandır. Sanki, elmə, araşdırmalara söykənən tarixi gerçəklik gündəlik şəklində, təəssürat formasında təqdim etməsi yeni bir yanaşma kimi xüsusi ilə qeyd olunmalıdır.

Qobustan rayonu, onun tarixi, mədəniyyəti, arxeologiyası, məişəti indiyədək az tədqiq olunmuş, elm adamlarının diqqətindən kənarda qalmışdı. Bu mənada tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov etnoqrafiya elminə, Qobustanın daha da dərindən öyrənilməsinə cığır açacaq faydalı və əhəmiyyəti elmi araşdırma, tədqiqat işi meydana qoymuşdur. Mənbələrdə verilən məlumatlarla gerçək yaşam tərzinin həmin ərazidə yaşayanlarla tutuşdurularaq təqdim olunması məqalənin elmi və praktik əhəmiyyətini artırır. Tarixi Şirvan ərazisinin bir parçası olan Qobustan rayonu özünün formalaşma mərhələlərinə görə mürəkkəb yol keçmiş, heç bir qonşu bölgələrə xas olmayan əhali məskunlaşması, miqrasiya tarixi yaşamışdır. Bu yeniliklər məqalədə üzə çıxan və indiyədək araşdırılmayan bir elmi hadisə kimi üzə çıxır. Məqalədə müəllif ölkə və yerli əhəmiyyətli tarixi abidələrin dəqiq ünvanlarını verməklə bütövlükdə ərazinin mədəni mühitinin xəritəsini cızmış olur. Türkmənçay sazişindən sonra "Tatar Mərəzəsi" anlayışının meydana gəlmə səbəblərini dəqiqliklə çatdıran müəllif "Molokan Mərəzəsi" ərazisinə də diqqət ayırır və səyyahların məlumatı əsasında bu ərazidə islamaqədərki yaşayış və təsərrüfat həyatının detallarını açıqlayır burada alban abidələrinin olmasını təsdiqləyir. Bu ərazidə heç zaman qazıntı, arxeoloji axtarışlar aparılmadığından bu barədə ətraflı məlumat vermək çətindir. Hər halda tarixi alban məskənləri arasında və karvan yolu üzərində yerləşən bu torpağın alt qatında böyük tarix, keçmiş yatır. "Tatar Mərəzəsinin" tarixinə qısa tənəzzöh edən müəllif Sovet İttifaqı dönəmində təsərrüfat və mədəni həyatına da toxunmuş, bu ərazinin təhsil tarixini də işıqlandırmışdır.

Məqalənin diqqət çəkən yerlərindən biri də Qobustanın simvoluna çevrilmiş, bu gün də inanclı insanların ziyarət etdiyi Diri baba türbəsi haqqında verilən geniş, mənbələrə söykənən məlumatlardır. Müəllif araşdırma apararaq Şirvanşahlar dövləti ərazisində, xüsusən də Bakıda 11-15-ci əsr intibah dövrünü əks etdirən memarlıq inciləri ilə eyni üslubda yerinə yetirildiyini qeyd edir. Səbail qəsri, Şirvanşahlar Saray Kompleksi və s. bu kimi abidlərlə müqayisə edən müəllif "Şirvani", "Şamaxı", "Şimaki" təxəllüsü ilə yaradan memarların eyni tərzdən, elementlərdən istifadə etdiyini vurğulayır. Burada diqqət çəkən məqam Qız qalası abidəsinin 12-ci əsrə aid olması ilə bağlı məlumatdır. Araşdırmaçılar Sara Aşurbəyli, Davud Axundov və bir çox tədqiqatçılar bu abidənin tarixinin daha qədimə getdiyini öz elmi işlərində təsdiqləmiş və 12 əsr fərziyyəsinin təmir zamanı ora qoyulan daşın üzərində olan məlumata bağlamışdılar. Vidadi Muradov çox güman ki, bu ardıcıllıqda Qız qalasını da həmin tarixdə göstərməsi onun həmin dövrdə təmir olunmasına işarə vurur.

Diri baba memarlıq nümunəsinə xüsusi diqqət ayıran məqalə müəllifi onun ecazkar görünüşü, mürəkkəb memarlıq elementləri ilə icra olunması və yerləşdiyi Ala dağın tərkib hissəsi kimi verilməsinin onun əzəmətinin, ecazkarlığının daha da qüvvətləndirdiyini qeyd edir. Dünyanın bir neçə yerində oxşar abidələrin olduğunu vurğulayan müəllif Diri baba türbəsini orta əsrlər Şərq memarlığı üçün səciyyəvi hesab edir. Bu dönəm memarlıq ənənəsi Çin, İran üslublarının vəhdəti kimi çıxış edirdilər. Sözsüz ki, həmin dönəmin tarixi şəraitini də unutmaq olmaz. Məhz siyasi hadisələr, tarixi dəyişikliklər, köçlər bütün mədəniyyət nümunələrinə olduğu kimi memarlığa da fərqli çalarlar gətirmişdir.

Diri baba türbəsi haqqında yazılan və danışılan mülahizələrə yer ayıran müəllif burada dəfn olunan şəxsin kimliyi ətrafında söylənilən fikirlərə geniş yer ayırmış, həmçinin səyyah və tədqiqatçıların söylədikləri fikirləri ardıcıllıqla vermiş, buranın sirrinin hələ də açılmadığı, öz böyük tədqiqatını gözlədiyini vurğulamışdır. Müəllif türbə haqqında bir neçə detala toxunmaqla bu abidənin araşdırmaya cəlb olunmasının vacib olduğunu vurğulayır. İslam memarlıq ənənələrinin əksinə olaraq funksional yükün birinci yox, ikinci mərtəbəyə düşməsi, türbənin yaşayış məntəqəsindən xeyli aralıda, dərədə, gizlində yerləşməsini müəllif sual kimi gələcək tədqiqatların qarşısında qoyur. Abidənin mistik gücünün əhalinin inancında yer almasının təsadüfi olmadığını vurğulayan professor, tarixin keşməkeşindən diri çıxan türbənin sirləri özündə gizlətdiyini qeyd edir.

Tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov Çalov və Cəyirli kəndlərinə məqaləsində geniş ayırmışdır. Çalov kəndinin adının mənşəyini araşdıran müəllif onun burada ola xeyli sayda bulaqların yerləşməsi ilə bağlayır. Ekspedisiyalar zamanı arxeoloqlar bu ərazidə e.ə II, III-XIII əsrlərə aid müxtəlif maddi sübutlar tapdığı məqalədən bəlli olur. Bu maddi-mədəniyyət nümunələri Şirvan ərazisində tapılan əşyalarla bənzərlik təşkil etməsi, daha çox isə qədim Parfiya və Roma, Kappadoksiya sikkələrinin bu ərazidə üzə çıxması müəllifdə haqlı olaraq belə qənaət yaradır ki, bu ərazi qədim şəhər tipli yaşayış məskəni olmuşdur.

Kəndin hazırkı əhalisinin XVIII əsrdə Cənubi Azərbaycandan gəldiyini qeyd edən müəllif burada məskunlaşan nəsillərin sonradan digər bölgələrdən gələrək artığını qeyd edir. Kəndin mədəni və təsərrüfat həyatına geniş yer verən məqalə müəllifi bölgə haqqında oxucuda mükəmməl təəssürat yarada bilir.

Cəyirli kəndi haqqında araşdırma aparan müəllif bu toponimin türkmənşəli olduğunu vurğulayır qədim cəyirli tayfasının adından götürüldüyünü qeyd edir. Bu kəndin də əhalisi tərəkəmə elatlar kimi həyat tərzi keçirdiyindən özünəməxsus mədəniyyət yarada bilmişdir. Yalnız 1950-ci ildə bütün tərəkəmə elatlar kimi cəyirlilərin də oturaq həyat tərzinə keçdiyini yazan Vidadi Muradov kəndin mədəni həyatına geniş yer verərək burada yetişən sənətkarlar haqqında ətraflı izah verir.

Haqqında bəhs edilən hər iki kəndin xalçaçılıq ənənəsinə toxunan müəllif geniş araşdırmasını oxuculara təqdim edir. Burada istehsal prosesindən toxunma mərhələsinə qədər hər bir detal ayrıca təqdim olunur. Xalça məmulatlarının növləri, çeşidləri haqqında olduqca maraqlı və yeni yanaşma meydana qoyulur. Dəqiqliklə araşdırılan xalçaçılıq işi müəllifin əsas tədqiqat obyekti kimi çıxış edir, elmi yeniliyi ilə seçilir. İndiyədək bir çox xalçaların toxunma məntəqəsinin adına uyğun adlandırılmasını yanlış olduğunu vurğulayan tarix üzrə elmlər doktoru, professor Vidadi Muradov məsələyə daha miqyaslı yanaşaraq çeşnilərin tarixi mənbəyini göstərmiş, onun doğru adlarını təqdim etmişdir. Elmi araşdırmada, xüsusən maddi-mədəniyyət abidəsinin tədqiqində yanlışlığa yol vermək bağışlanmaz səhvdir. Bu mənada professor Vidadi Muradov tədqiqatında daha mükəmməl yanaşma ortaya qoymuş, əsaslı və dünya sənətşünaslarının, xalçaçılarının tanıdığı, qəbul etdiyi, bizim biganəliyimiz ucbatından unudulan adların bərpasını qaçılmaz və mühüm addım kimi qeyd edir. Müəllif bir az da irəliyə gedərək burada qorunan xalçaçılıq ənənəsinin tezliklə kütləviləşməsi yolu ilə yaşamasını, təbliğ olunmasını təkcə bölgəmiz üçün deyil, ölkəmiz üçün də əhəmiyyətli hesab edir.

Tarix üzrə elmlər doktoru, professor Vidadi Muradovun "Qobustan gündəliyi" adlı elmi-populyar məqaləsi Azərbaycan etnoqrafiyasında tamam yeni bir səhifənin açılışına xidmət edir. Müəllif burada sənətşünaslığın da problemlərini cəsarətlə qaldırmaqla məsələyə hər tərəfli yanaşmış, Qobustan bölgəsinin tarixi-mədəni əhəmiyyətini önə çəkmişdir. Mənbələrlə işləyən müəllif, yerli əhali ilə görüşərək gerçəyi daha aydın tərzdə çatdırmağı bacarmışdır. Onun məqaləsinin elmi yeniliyi, araşdırma predmeti yeni məqalələr üçün xeyli sayda mövzular təklif edir. Qobustanın keçmişinə, mədəniyyətinə və bu gününə güzgü tutan bu məqalə bu tarixi əhəmiyyətli ərazi haqqında tam yeni təəssürat yaradır. Vidadi Muradov alim kimi məsələyə peşəkarcasına yanaşmış, dərin tədqiqat işi meydana çıxarmış və qarşıda duran vəzifələri də müəyyən etmişdir. Elmi məqalə-gündəlik sənətşünaslar üçün də əhəmiyyətli bir vəsait hesab oluna bilər.

Sənətşünasıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı