"Maraqlı oyun oldu. Hesabda geri düşsək də, bərabərlik qollarını vurduq. Oyunda qalib gəlmək üçün də şanslarımız oldu, amma istifadə edə bilmədik".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qəbələ" klubunun futbolçusi Rauf Əliyev Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
Daha sonra 29 yaşlı forvard jurnalislərin suallarını cavablandırıb
2 top fərqi ilə geridə idiniz və sonda bərabərliyi əldə etdiniz. Bunu qənaətbəxş nəticə saymaq olar?
- Yüksək pillələr uğrunda mübarizə aparırıqsa, bu nəticəni qənaətbəxş saya bilmərik. Amma 2 top geridən gəlib 1 xal qazandığımızı düşünəndə bu, yaxşı nəticədir.
Rəqibin oyuna belə templə başlaması sizi sarsıtmadı?
- Templi başladılar deməzdim, sadəcə, standart vəziyyətlərdən yaxşı istifadə etdilər. Daha diqqətli olmalı idik. İki qol buraxdıqdan sonra oyunda geridönüş etdik. İlk qolumuzu birinci hissədə vurduq. Qələbə də qazana bilərdik, amma olmadı.
Oyunun sonlarında gərginlik yaşandı, siz özünüz də qırmızı vərəqə ilə cəzalandınız. Bu haqda nə deyə bilərsiniz?
- 4-cü hakimə qərarı səhv verdiyini dedim. O da mənə onunla qışqıraraq danışdığımı bildirdi. Sonra əsas hakimi çağırdı və mənə 2-ci sarı vərəqə göstərdi. Mən də təəccüb içində qalıb, olanları anlamağa çalışırdım. Mənim sözlərimi necə başa düşdüyünü anlamadım.
Hakimə qarşı nalayiq ifadə işlətdiniz?
- Sarı vərəqə alana qədər heç bir nalayiq ifadə işlətmədim.
Amma həmin sarı vərəqədən sonra bir-iki nalayiq söz dediniz?
- Haqsız yerə ikinci sarı vərəqə aldıqdan sonra hisslərimi cilovlaya bilmədim.
Milli.Az