Ölkə ərazisində yaşıllıqları artırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi altında ağacəkmə aksiyasına Nərimanov rayonunda yerləşən 69 saylı körpələr evi - uşaq bağçası və 36 nömrəli məktəb də qoşulub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bağça müdiri Sona Məmmədova deyib ki, rəhbərlik etdiyi müəssisənin heyəti könüllü olaraq bu aksiyaya qoşulub:
"Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir, bizlər də ağac əkməklə ekologiyaya öz töhfəmizi veririk. Aksiyaya qoşulmaqda məqsədimiz atmosferi oksigenlə zənginləşdirmək, ətraf mühiti qorumaq və balacaların diqqətini yaşıllıqların qorunmasına cəlb etməkdir".
S.Məmmədova bildirib ki, aksiya çərçivəsində valideynlər və 25 uşağın iştirakı ilə 50-dən çox müxtəlif cinsli ağac əkilib.
Milli.Az