Hindistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar diplomatiyanın beynəlxalq münasibətlərdə rolu, diplomatların fəaliyyəti və onun təşəbbüsü ilə təsis edilən Diplomatların Beynəlxalq Günü barədə fikirlərini bölüşüb.
Metbuat.az xəbər verir ki, səfir bildirib ki, Diplomatların Beynəlxalq Gününün yaradılması ideyasını 2017-ci ildə irəli sürüb. Onun sözlərinə görə, həmin vaxt Braziliyanın paytaxtı Braziliada Banqladeş, Braziliya, Fransa, Qana, Hindistan, İsrail, İtaliya, Meksika, Cənubi Afrika və Türkiyədən olan diplomatlarla birlikdə bu təşəbbüsün ilk addımlarını atıb.
“2017-ci ildə Braziliyanın paytaxtı Braziliada bir neçə diplomat dostumla birlikdə Diplomatların Beynəlxalq Gününü qeyd etmək təşəbbüsünü irəli sürdüm. O zaman atdığım kiçik addım bu gün beynəlxalq miqyas alıb”, – deyə Abhay Kumar qeyd edib.
O bildirib ki, ideyanı 2017-ci il oktyabrın 12-də dərc olunan “Dünyaya nə üçün Diplomatların Beynəlxalq Günü lazımdır?” adlı məqaləsində irəli sürüb. Təklifə əsasən, hər il oktyabrın 24-ü diplomatların və onların ailə üzvlərinin əməyinin və fədakarlığının tanınması məqsədilə xüsusi gün kimi qeyd olunmalı idi.
Abhay Kumarın sözlərinə görə, ideyanın irəli sürülməsindən cəmi 12 gün sonra - oktyabrın 24-də Braziliyada Diplomatların Beynəlxalq Günü ilk dəfə qeyd olunub.
“Diplomatların Beynəlxalq Gününün ilk dəfə qeyd olunması münasibətilə etdiyim çıxışımda diplomatların ailələrinin böyük çətinliklərlə üzləşdiyini vurğulamışdım. Diplomatlar hər üç-dörd ildən bir bir qitədən digərinə köçməli, dil və mədəniyyət maneələrini aşmalı, qısa müddətdə yeni dostluqlar qurmalı, lakin növbəti təyinat zamanı bütün bunları geridə qoymalı olurlar”, – deyə səfir bildirib.
Səfir diplomatların fəaliyyətinin cəmiyyət tərəfindən hər zaman düzgün qiymətləndirilmədiyini də vurğulayıb. O hesab edir ki, diplomatların yalnız imtiyazlı həyat sürən və fəaliyyətsiz insanlar kimi təqdim olunması ilə bağlı stereotiplər dəyişdirilməlidir.
“Diplomatların fəaliyyəti öz ölkələrində geniş ictimaiyyət üçün, əsasən, görünməz qalır. Diplomatlar çox vaxt imtiyazlı həyat sürən, fəaliyyətsiz insanlar kimi stereotipik şəkildə təsvir olunurlar. Bu təsəvvür dəyişməlidir”, - Abhay Kumar deyib.
O qeyd edib ki, Diplomatların Beynəlxalq Gününün qeyd olunması cəmiyyətə diplomatların sülhün qorunması və ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə daha çox məlumat əldə etmək imkanı yaradır.
Abhay Kumar diplomatiyanın münaqişələrin qarşısının alınması və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
“Diplomatlar geniş biliyə, təmkinə və yüksək ünsiyyət bacarıqlarına malikdirlər. Onlar müxtəlif dövrlərdə münaqişələrin qarşısını alıb və ittifaqların yaranmasına töhfə veriblər. Müasir dünyada diplomatiya xarici siyasətin əsas alətidir; ölkələri birləşdirir və onlar arasında etimada əsaslanan münasibətlər qurur”, – deyə Hindistanın Azərbaycandakı səfiri bildirib.
Səfirin sözlərinə görə, təşəbbüs yarandığı vaxtdan etibarən müxtəlif ölkələrin diplomatları və beynəlxalq ictimaiyyətin nümayəndələri tərəfindən dəstəklənib. Sonrakı illərdə Diplomatların Beynəlxalq Günü Braziliya ilə yanaşı, dünyanın müxtəlif ölkələrində və paytaxtlarında qeyd olunub.
O, bu təşəbbüsün zamanla müstəqil beynəlxalq ənənəyə çevrilməsindən məmnunluğunu ifadə edib.
“İnternetdə axtarış apararkən ideyanın necə inkişaf etdiyini və özünəməxsus müstəqillik qazandığını görmək məni heyrətləndirdi. Diplomatların Beynəlxalq Günü şəxsən heç vaxt görüşmədiyim diplomatlar tərəfindən mənim iştirak etmədiyim yerlərdə qeyd olunur, lakin ideyam həmin yerlərdə yaşamağa davam edir”, - Abhay Kumar vurğulayıb.
Diplomatiyanın əsas məqsədlərindən birinin dialoq və qarşılıqlı anlaşma yaratmaq olduğunu bildirən səfir bu fəaliyyətin beynəlxalq əməkdaşlıq üçün mühüm vasitə olduğunu qeyd edib.
“Diplomatiya körpülər salır, fikir ayrılıqlarını aradan qaldırır və dialoq üçün imkanlar yaradır. Diplomatiya vasitəsilə qurulan dostluqlar beynəlxalq əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirir”, – deyə o bildirib.
Qeyd edək ki, Abhay Kumar peşəkar diplomat olmaqla yanaşı, müəllifdir. O, “Nalanda: How it Changed the World” (“Nalanda: Dünyanı necə dəyişdi”) kitabı da daxil olmaqla bir sıra əsərlərin müəllifidir