Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar şəhid Samir Elçin oğlu Allahverdiyevin ailəsini ziyarət edib.
Metbuat.az xəbər verir ki, Lənkəran şəhərində anadan olan Samir Allahverdiyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə davamlı qayğı tədbirləri həyata keçirilir.