Bakı, 27 aprel, AZƏRTAC
“Sabahın alimləri” IV Respublika Müsabiqəsinə həsr olunmuş film hazırlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, filmdə bu il fevralın 12-dən 14-dək Bakıda keçirilmiş müsabiqənin əhəmiyyəti və məqsədi haqqında ətraflı məlumat verilir.
Builki müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-si fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.
Müsabiqəyə təqdim olunmuş layihələr səkkiz nominasiya üzrə qiymətləndirilib. İlk üç yerə layiq görülən 47 layihə müəyyənləşdirilib. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.