Hepatitin, alkoqolun yaratdığı qorxulu problem - Diqqət

Hepatitin, alkoqolun yaratdığı qorxulu problem - Diqqət
19:34 13 Yanvar 2015
278 Sosial
Ölkə mətbuatı
A- A+

“Bir çox xəstələrin sirroz olmalarından xəbərləri olmur” “Sirroz erkən aşkarlanarsa, qaraciyər transplantasiyası olmadan da xəstələrin ömrünü uzatmaq mümkündür” “Bəzi mədə və bağırsaq əməliyyatlarından sonra da sirrozun yaranması mümkündür”

 

“Təəssüflər olsun ki, günümüzdə sirroz xəstələrinə çox rast gəlinir. Ən acınacaqlısı isə budur ki, bu problemdən gənc insanlar da əziyyət çəkirlər. Biz hətta 29, 30, 32 yaşında gələn xəstələrə sirroz diaqnozu qoymuşuq. Onların sayı az da deyil”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında hepatoloq-qastroenteroloq, Respublika Müalicə Diaqnostika Mərkəzinin şöbə müdiri Arzu Yusifova deyib.

 

Dünyada sirrozla bağlı olan ölümlərə çox rast gəlindiyini deyən hepatoloq bildirib ki, inkişaf etmiş ölkələrdə alkoqol qəbulu ilə bağlı sirroz xəstələri çoxluq təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə hepatiti B və hepatit C virusunun yaratdığı sirrozlar çoxdur. Qaraciyər transplantasiyasına məruz qalan xəstələrin çoxunun da hepatit B və hepatit C-dən əziyyət çəkdikləri məlumdur: “Azərbaycanla bağlı isə yalnız öz praktikama uyğun olaraq deyə bilərəm ki, müayinə etdiyim xəstələrin təxminən yarısına sirroz diaqnozu qoyulur. Azərbaycan üçün də real olan hal sirrozun daha çox hepatit  B və hepatit C virusu nəticəsində, alkoqol qəbulu ilə bağlı yaranmasıdır. Bundan başqa, artıq çəki, şəkərli diabet, ürək çatışmazlığı nəticəsində də sirroz yaranması hallarını da vurğulamaq lazımdır.

 

Metabolik sindromu nəticəsində yaranan qaraciyər xəstəlikləri də var ki, onlar da sirroza səbəb ola bilər. Bunları bir qədər ilkin dövrdə aşkarlamaq mümkündür”.

 

Öd axınının pozulması nəticəsində sirroz yarana biləcəyini qeyd edən Arzu Yusifova bildirib ki, bəzi mədə və bağırsaq əməliyyatlarından sonra da sirrozun başlaması mümkündür.

 

Mütəxəssisin sözlərinə görə, sirrozun meydana gəlməsi uzun müddət davam edir: “Amma sirroz diaqnozu qoyuldusa, xəstə çox ciddi müayinə olunmalıdır, onu yaradan etiilogiya aradan qaldırılmalıdır. Sirroza qədər olan proses uzun sürür. Bir xəstədə hepatit C varsa, bu, 25-30 il içində də onda sirroz yarada bilər. Və yaxud da hepatit B varsa, yenə də durum təxminən eyni olur. Amma xəstənin alkoqoldan istifadəsinə bağlı olaraq bu müddət qısala da bilər.

 

Bəzən toksik, dərman hepatitləri ilə bağlı sirroz yaranırsa, sirrozlu xəstələr yanımıza kompensə, dekompensə olunmuş vəziyyətdə gəlirlər. Qaraciyərin gücü yetmədiyi üçün problemləri kompensə edir və xəstənin bundan xəbəri olmur. Təəssüf ki, yanımıza gələn 30, 40, 50,55 yaşlı (hər yaş diapazonunda ola bilər) xəstələrin sirroz olmalarından xəbərləri olmur. Onlar ya qarının ölçüsünün qəflətən böyüməsi, qarına su yığılması, ya ayaqlarında şişkinlik, rənglərində  sarılıq yaranması, anidən külli miqdarda qan qusmaq, üzücü qaşıntısı şikayətləri ilə gəlirlər. Bəzən də ailə üzvləri xəstəni həkimə aparırlar və onun yeriyəndə qəflətən yıxıldığını, səndələdiyini deyirlər. Çox zaman belə xəstələrlə bağlı nevropatoloqlara müraciət edilir. Bəzən belə insanların sərxoş kimi göründükləri, çox əsəbi, çılğın olduqları vurğulanır. Eyni zamanda unutqan olmaq da bir əlamət kimi göstərilir.

 

Bu hal qaraciyər ensefalopatiyasıdır. Yəni lazım olan maddələr qanda təmizlənmədiyindən birbaşa beyinə ötürülür, buna ensefalopatiya deyilir. Bu hal da dövrlərə bölünür. Dərin hallarda artıq xəstə koma halına da düşə bilər”.

 

Mütəxəssis onu da deyib ki, sirroza bağlı olan şikayətlər spesifik deyil: “Bu şikayətlər bir çox başqa xəstəliklərin şikayətləri ilə eyni də ola bilər. Yəqin elə buna görədir ki, xəstələr bizə çox gec müraciət edirlər.

 

İlk dövrdə sirroz əlamətləri qrip şikayətləri ilə dəyişik salına bilər. Bənzər şikayətlər - halsızlıq, əzginlik, iştahasızlıq olur. Xəstələr buna əhəmiyyət vermir, adi bir soyuqdəymə zənn edirlər. Amma iştahanın normal olmasına baxmayaraq, çəki itirilməsi də baş verir, yəni əzələlər atrofiyaya uğrayır. Eyni zamanda diş əti, burun qanaması, xəfif qaşınma kimi əlamətlər də olur. Xəstələr bunu da ciddiyə almırlar. Bu şikayətlər irəliləyəndə, qarın ölçüləri böyüyəndə, külli miqdarda qan qusanda, ayaqlar çox şişəndə həkimə müraciət olunur”...

 

Arzu Yusifova onu da qeyd edib ki, erkən dövrdə aşkarlanarsa, qaraciyər transplantasiya olmadan xəstələrin uzun müddət yaşamalarını təmin etmək mümkündür: “Amma sirroz irəliləmiş durumda olanda bugünkü tibdə yeganə çarə qaraciyər transplantasiyası sayılır.

 

Sirrozla bağlı dəqiq diaqnoz qoymaq üçün qanın və sidiyin ümumi analizi, qaraciyərin biokimyəvi testləri yoxlanmalıdır. İlkin olaraq qaraciyər ultrasəsə müayinəsi olunmalıdır. Amma sirrozlu xəstənin mütləq kontrast Kompüter-tomoqrafiya müayinəsi olunması lazımdır. Sirroz uzun sürəndə qaraciyər xərçənginə çevrilə bilir. Burda isə KT müayinəsinin həssaslığı USM-dən daha effektlidir.

 

Onun sözlərinə görə, bu xəstələrin həm də mütləq qida borusu, mədəsi, on iki barmaq bağırsağı endoskopiya müayinəsi olunmalı, problemin etiologiyası, hansı səbəbdən yarandığını dəqiq araşdırılmalıdır: “Dəqiq sirroz diaqnozu qoyulubsa, biopsiya olunması o qədər də vacib deyil. Amma xəstəliyin səbəbini tapa bilmiriksə, o zaman biopsiya vacib sayılır”.

 

Hepatoloq, sirrozlu xəstələrin üç ayda bir dəfə müayinələrdən keçmələrinin vacibliyini vurğulayıb: “Təbii ki, ağır sirroz xəstəsi mütləq transplantasiya olunmalıdır. Bu onların yeganə sağ qalmaq yoludur. Amma xəstə sirrozun ilkin dövründə qarşımıza gəlibsə, onlara ilk olaraq transplantasiya təklif edilmir. Öncə etiologiyanı aradan qaldırmağa cəhd edirik. 3 ayda bir dəfə xəstəni görərək, analizləri təkrarlayaraq lazımi addımları atırıq”.

 

A. Yusifova onu da deyib ki, bəzən hamilə qadınlarda sirrozun olduğu bilinmir: “Doğuşa qədər nə qadın, nə də ginekoloq bunu bilmir. Normal uşaq dünyaya gəlsə də, doğuşdan sonra qanamadan ya xəstə itirilir, ya da uşaqlığın amputasiyası baş verir. Belə qadınlar doğuşla deyil, mütləq keysəriyyə əməliyyatı ilə ana olmalıdır. Çünki belə olanda qanama ən azı həkim kontrolunda olur”.

 

Mütəxəssis onu da vurğulayıb ki, fiziki aktivlik, artıq çəki ilə mübarizə və hepatit B peyvəndinin olunması sirrozun qarşısını alan amillərdəndir:  “Hər kəs bilməlidir ki, qaraciyər yağ hüceyrələrini toksin, zəhər kimi qəbul edir. Çox təəssüf ki, Azərbaycanda qaraciyəri böyüyən xəstələrə müalicə üçün çoxlu dərmanlar yazılır. Amma qaraciyəri böyüyənlər çox zaman artıq çəkili insanlar olur. Bəzən isə heç artıq çəki olmadan da daxili orqanlarında yağ yığıla, toplana bilər. Bu hal aradan qalxmırsa, xəstə artıq çəkidən azad olmursa, dərman qəbul etmənin bir anlamı qalmır. Sadə dildə desək, yağ qaraciyərin üstündə oturub, onu evinin bir küncünə sıxır və qaraciyər boğulur. Hər hansı dərman o müddət içində sadəcə, xəstədə məmnuniyyət yarada bilər. Bu isə müvəqqətidir. Əsas problem yağ orda olmayanda həll olunur. Ona görə də ilk növbədə artıq çəkidən azad olmaq lazımdır.

 

Yaxşı olar ki, insanlarımız çox dərmana bağlı olmasınlar. Bitki mənşəli müalicələrə də çox meyl etməsinlər. Bilmək lazımdır ki, hər bitkidən istifadə etmək, ələlxüsus da onları bir-birinə qarışdıraraq dəmləyib, içmək olmaz. Azərbaycanda baldan, bəhməzdən çox istifadə edilir. Təbii ki, bal da, bəhməz  də faydalıdır. Amma kilolu insan bu qidalardan istifadə edirsə, bu, əlavə kaloridir. Onlar öd qovucu xassəyə malikdirlər. Qaraciyər xəstədirsə, yoğundursa, bu qidalar onu daha çox öd sintez etməyə məcbur edir”... 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR