Bakı, 28 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına bu il aprelin 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bakalavrlar imtahanın nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytı vasitəsilə və ya mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 7-dən 12-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da aprelin 29-dan mayın 1-dək (saat 10.00-dan 17.00-dək) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.